Qadin.NET / Sahibsiz itlərdən necə qorunaq?

Sahibsiz itlərdən necə qorunaq?

 

Sahibsiz itlərdən necə qorunaq?

Cəlilabad rayon sakini sahibsiz itin hücumuna məruz qalıb. Hadisə oktyabrın 8-də saat 14.00 radələrində rayonun Kazımabad kəndi ərazisində qeydə alınıb.

 

Kənd sakini, 1978-ci il təvəllüdlü Aqil Məhəmməd oğlu Babayev küçədən keçərkən sahibsiz it ona hücum çəkməklə sağ ayağına, sol əlinə, sağ dizinə, sağ və sol döş nahiyəsinə dişi və dırnaqları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib (APA). Yaralı dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona burada quduzluq əleyhinə peyvənd vurulub və digər müvafiq tədbirlər görülüb.Hazırda A.Babayevin vəziyyəti stabil qiymətləndirilir.Sahibsiz itlərin sayının artması təkcə bölgələrdə deyil, Bakıda da müşahidə olunur. Amma onlarla mübarizə aparan qurumun səsi-sorağı yoxdur. Sahibsiz heyvanlarla mübarizə idarəsinə nə qədər zəng etsək də, zənglərimiz cavabsız qalır.Mütəxəssislər bildirirlər ki, sahibsiz küçə heyvanları quduzluq və it tenyası kimi müalicəsi çox çətin olan xəstəliklərə səbəb olur. Baytar həkim Əhliman Qarayevin sözlərinə görə, sahibsiz heyvanların insanlar üçün əsas zərəri quduz xəstəliyidir. "Quduz xəstəliyi ağır bir xəstəlikdir. İt dişlədiyi vaxtdan iki saat gec olmayaraq virusa qarşı iynə vurulmalıdır. Bu iynələr çox zaman quduzluqdan qorusa da, bəzən virus iynədən daha güclü olur və zərərçəkmiş quduza yoluxur".Müsahibimiz bildirir ki, itlərdən yoluxan digər bir xəstəlik isə it tenyasıdır. Bu xəstəlik də insanlar üçün qorxulu xəstəlik hesab edilir. Xəstəliyə yoluxmuş insanın bədənində dərin yaralar açılır. "Bu xəstəliyi yoluxduran itləri uzaqdan görən zaman onun xəstə olduğunu anlamaq olur. Belə ki, xəstə itlərin bütün tükü tökülmüş olur və hər zaman qaşınırlar. İt tenyası insan orqanizminə düşdüyü zaman mədədə sürfəsini açır və qan yoluyla qaraciyərə düşür, orada kista əmələ gətirir. Bəzən isə qaraciyərdə dayanmır, beyinə və ya gözə doğru hərəkət edir. İt tenyası qaraciyərdə dayandığı halda müalicə etmək mümkün olur. Yəni qaraciyərin bir qismini kəsib atmaq mümkün olur. Ancaq beyinə düşdüyü zaman heç bir müalicə təsir etmir" deyən Ə.Qarayevin sözlərinə görə, itlərin üzərində yaşayan bit və gənələr də xəstəliyə səbəb ola bilər.Həkim bildirir ki, evlərdə saxlanılan itlər mütəmadi peyvənd edildiyi üçün hər hansı bir təhlükə yaratmırlar. Bələdiyyələrin və ya Baytarlıq İdarəsinin peyvənd edib küçələrə göndərdikləri itlərə hansı peyvəndlərin edildiyini bilmirik. Küçə itlərinin 90 faizinin xəstə olduğunu bildirən həmsöhbətimizin dediyinə görə, küçə itlərinin qarşısını almaq üçün qısırlaşdırılma üsullarından istifadə etmək lazımdır.Qarayev məsləhət görür ki, azyaşlı uşaqları itlərə yaxın buraxmaq olmaz. Çünki bu xəstəliklər azyaşlılara daha tez yoluxur. "Uşaqlar itlərə toxunduqdan sonra lazım olan gigiyenik qaydaları həyata keçirmirlər. Uşaqlar heyvanların quyruğu ilə oynamağı sevirlər. İt tenyası da itlərin quyruq qismində daha çox olur. Çox zaman deyirlər ki, "itin tükü qorxuludur, ciyərə düşsə öldürər". Əslində isə qorxulu olan tük deyil, tenyadır".Müsahibimizin sözlərinə görə, küçə itlərində çox zaman quduz, echinoccis, gənclik xəstəliyi, yoluxucu qaraciyər xəstəliyi, it soyuqdəyməsi, corona virus ishalı, adenevirus infeksiyası və s. bu kimi xəstəliklər mövcud olur. "Valideynlər uşaqarına qarşı diqqətli olub onları itlərin hücumundan qorumalıdır. Çünki itlərdən keçən xəstəliyin sağalma ehtimalı çox azdır"."Happy Hearts Baku və Çərpələng" xeyriyyə layihəsinin rəhbəri Şəfiqə Fərzəliyevanın sözlərinə görə, Azərbaycanda küçə itləri ilə mübarizə düzgün aparılmır. Bəzi qurumlar onları öldürərək problemə birdəfəlik son qoymaq istəyirlər. "Sahibsiz heyvanlar üçün sığınacaqlar yaradılmalı, bir qurum təsis edilməlidir ki, onlarla mübarizə deyil, onlara qayğı göstərsin. Əksər ölkələrin təcrübəsi göstərir ki, sahibsiz heyvanlar üçün xüsusi sığınacaqlar yaradılır və onlara qısırlaşdırıcı iynələr vurulur. Yəni sahibsiz heyvanlar daha küçələrdə balalayıb artmırlar. Azərbaycanda isə əvvəl bu heyvanları güllələyirdilər. İndi isə heç bir tədbir görülmür".Onun bildirdiyinə görə, sahibsiz heyvanlara quduzluğa qarşı peyvənd və qısırlaşdırmaq üçün iynələr vurulduqdan sonra qulaqlarına xüsusi nişan taxılmalıdır. Belə olan halda həmin heyvanlardan insanlar çəkinməyəcək. Müsahibimiz hesab edir ki, ölkədə bu məsələyə laqeyd yanaşılır və heç bir iş görülmür. Nəticədə isə insanlar quduz heyvanların hücumuna məruz qalır: "Baytarlıq İdarəsi bu məsələyə xüsusi nəzarət etməlidir. İdarədən çox vaxt məlumat verirlər ki, bu qədər heyvana peyvənd vurulub. Amma vurulubmu? Vurulubsa, onlara tanıdıcı nişan niyə taxılmır?" - deyən Fərzəliyeva hesab edir ki, sahibsiz heyvanlarla mübarizə etmək əvəzinə onların da hüquqlarını nəzərə alıb peyvəndləmə və qısırlaşdırılma işləri görülməlidir. Əks halda insanlar sahibsiz heyvanların hücumuna məruz qalacaq, heyvanlar insanlar tərəfindən öldürüləcək.Çox zaman uşaqlar heyvanların hücumuna məruz qalır. Buna görə də uşaqları sahibsiz heyvanlara yaxın durmağa, onları hirsləndirməyə və ya onları qidalandırmağa çalışmağa icazə verməyin. Sahibsiz heyvan sizə hücum edirsə, heç bir zaman arxanızı itə çevirib qaçmayın. İtlər insanlar qorxduğu zaman bunu hiss edir. Yerinizdə dayanıb, kömək çağırın.

Mənbə: Milli.Az

10 oktyabr 2015
GO BACK