Çoxları bunun üçün çoxlu sənədlər tələb edildiyini və bunun üçün də bir həftə vaxt lazım olduğunu bildirirlər. Hətta insanların işini yüngülləşdirən "ASAN xidmət"də də bu prosedur uzun çəkir. Əməkdaşlarımızdan biri öz soyadını dəyişdirmək üçün "ASAN xidmət"ə müraciət edib. Ondan istənilən sənədlərin siyahısına baxdıqda doğrudan da bunun üçün xeyli zaman lazım olduğu görünür. Tələb edilən sənədlər isə bunlardır: adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə; ərizə verən şəxsin doğum haqda şəhadətnaməsi; ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə; ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında sənədə; ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğum haqqında şəhadətnamələri; şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti; ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti; ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili; dövlət rüsumunun ödənilməsi barədə sənəd.
"ASAN xidmət"in ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Hüseynov "ASAN xidmət"in işinin yalnızca xidmətin təşkili olduğunu bildirdi: ""ASAN xidmət"in işi dövlət qurumları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən göstərilən xidmətlə işin təşkilidir. Xidmətlərin göstərilməsi isə bir başa aidiyyəti orqanlar tərəfindən həyata keçirilir. Soyadların dəyişdirilməsi xidməti Ədliyyə Nazirliyinin Vətəndaşlarıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatına aid olan xidmətlərdir. Biz də Ədliyyə Nazirliyinin bu xidmətini "ASAN xidmət" çərçivəsində həyata keçiririk. Xidməti isə onlar göstərir. Bizim işimiz isə yalnızca xidmətin təşkilidir".
Ümumiyyətlə, soyad sonluğunu dəyişmək hər kəsin öz işidir. Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması ilə bağlı 1993-cü ildə qəbul olunan qanuna əsasən, ölkə vətəndaşları soyadlarındakı "-ov", "-yev" sonluqlarını "-lı" (sözün kökündən asılı olaraq "-li", "-lu", "-lü"), "-zadə", "-oğlu", "-qızı" sonluqları və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Soyadlar müxtəlif olur. Soydan gələn adla bağlı, peşə və ya məşğuliyyətin adından düzələn soyadlar, yer adından düzələn soyadlar, taxma ad və ya sonradan qazanılan soyadlar var. Soyad, adından da göründüyü kimi, bir insan doğulduğu zaman ona ailəsinin daşıdığı soyadın verilməsi anlamına gəlir. Yəni uşaq dünyaya gəldiyi zaman atasının və ya anasının daşıdığı soyadı ona verirlər və bu, sadə bir texniki proses kimi qeydə alınır. Peşə və ya məşğuliyyət adından düzələn soyadlar xüsusən də orta əsrlərdə geniş yayılmışdı. Misal üçün, Dəmirçilər, Nalbəndlər, Əkinçilər və s. kimi. Yer adından düzələn soyadlarda bir insanın və ya nəslin doğum yerinə bağlı olaraq ona soyadı düzəldilir. Misal üçün, Bakuvi və ya Bakılı, Təbrizli, Şəkili, Makulu, Qəşqərli, Balasaqunlu və sairə. Taxma ad və ya sonradan qazanılan soyad -bir insanın doğuşdan adı olsa da soyadı olmadığından onun adına ad əlavə etmək zərurəti hər zaman olub. Tutaq ki, bir kənddə yaşayan eyni adlı insanları fərqləndirmək üçün onlara daha bir ad qoşulub. Misal üçün, əgər eyni adlı adamları fərqləndirmək lazım gəlibsə, onların xarakterinə uyğun əlavə adları yaranıb: Dəli Həsən, Zəvzək Hüseyn, Torbalı Aslan və başqaları kimi.
Mənbə: Milli.Az