Qadin.NET / Müəllimlərin attestasiyası ilə bağlı rəsmi açıqlama

Müəllimlərin attestasiyası ilə bağlı rəsmi açıqlama

Müəllimlərin attestasiyası ilə bağlı rəsmi açıqlama
Azərbaycanda orta məktəb müəllimlərinin həm attestasiyası, həm də sertifikasiyası yalnız ölkə üzrə bütün müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsi başa çatdıqdan sonra həyata keçirilə bilər.
ANS PRESS-in məlumatına görə, bunu Trend-ə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.
Diaqnostik qiymətləndirmə bütün ölkə üzrə keçirildikdən sonra bütün müəllimlərin bilik və bacarıqlarının səviyyəsinin məlum olacağını deyən İ.Nağıyev qeyd edib ki, bunun əsasında müəllimlərin zəif və güclü tərəfləri müəyyən ediləcək: "Buna görə də diaqnostik qiymətləndirmə bu işlərin görülməsi üçün ilk mərhələ hesab edilir".
Nazirlik rəsmisi əlavə edib ki, ancaq sertifikasiya və attestasiya diaqnostik qiymətləndirmə formatında olmayacaq: “Diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır. Çünki diaqnostik qiymətləndirmənin özünün xidmət etdiyi konkret istiqaməti var. Amma attestasiyanın daha geniş formatda olması düşünülür. Attestasiya zamanı ola bilər ki, müəllim yalnız test imtahanı verməsin, o, həm də müsahibə mərhələsindən keçsin. Yaxud müəyyən müəllimlərdən bilik və bacarıqlardan başqa qabiliyyət imtahanı verməsi də tələb olunsun”.

Mənbə: ANS PRESS

8 oktyabr 2015
GO BACK