Azərbaycanda donorlara xüsusi güzəştlər ediləcək. Artıq "Mərkəzi Qan Bankı bununla bağlı öz təkliflərini hazırlayıb.
Bunu ANS PRESS-ə Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva bildirib. Onun sözlərinə görə son illərdə qan bankına könüllü şəkildə donorluq edənlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Mərkəzi Qan Bankı bunun qarşısını almaq üçün yeni təkilflər planı hazırlayıb.
Könüllü olaraq qan verən insanların sayını artırmaq üçün irəli sürülən əsas stimullaşdırıcı tədbirlərdən biri donorlara bir sıra xidmətlərdən pulsuz istifadə etmək hüququnun verilməsidir. Yəni könüllü donor olan şəxs xüsusi sənəd təqdim etməklə parkomatlardan və ya digər xidmətlərdən pulsuz istifadə edə biləcək.
O, həmçinin Bankda olan qan ehtiyatının ona ehtiyacı olan insanların tələbatını ödəmək üçün kifayət etmədiyini bildiridi. "Azərbaycanda hazırda 100 nəfərə düşən könüllü donorun sayı bir nəfərdir. Ona görə də insanların qana olan tələbatını ödəməyə çətinlik çəkirik",. - deyə Pərvanə Hacıyeva deyib.
Son 5 ildə donorların sayında 75,3% artım olsa da bu kifayət deyil. Ona görə də hazırda ölkədə donor çatışmazlığı yaşanır. Azərbaycanda əhalinin sayına uyğun olaraq 150 min donor olmalıdırsa , hazırda ölkə üzrə qan verənlərin sayı 75 min nəfər təşkil edir.
Mənbə: ANS PRESS