Qadin.NET / Birinci xanımlarla bağlı maraqlı faktlar

Birinci xanımlarla bağlı maraqlı faktlar

Birinci xanımlarla bağlı maraqlı faktlar
Dahilər "hər güclü kişinin arxasında güclü qadın dayanır" - deyirlər. Doğrudan da ölkə, dünya  idarəçiliyində, cəmiyyətdə, habelə ayrı-ayrı təşkilatların idarə olunmasında qadınlar müstəsna rol oynayırlar. Özü də bu iştirak son illər əhəmiyyətli dərəcədə çoxalıb. Statistika, eləcə də qeyri-rəsmi məlumatlar zərif cinsin nümayəndələrinin cəmiyyət həyatındakı aktivliyinin artdığını göstərir. Lakin elə qadınlar da var ki, kifayət qədər imkanlarının, onlar üçün yaradılmış hər cür şəraitin olmasına baxmayaraq, cəmiyyət həyatında fəal iştiraka maraq göstərmirlər. Belə qadınlar arasında prezidentlərin, hökumət başçılarının da xanımları var. 

Milli.Az publika.az-a istinadən bir sıra ölkələrinin dövlət başçılarının xanımları ilə bağlı faktları təqdim edir:      
Misirin birinci xanımı İntizar əs-Sisi ilk dəfə ictimaiyyət qarşısına bu yaxınlarda çıxıb. Prezident Əbdül Fəttah əs-Sisinin həyat yoldaşı yeni Süveyş kanalının açılışı mərasimində iştirakından sonra Misir sakinləri onu yaxından görə biliblər. İntizar demək olar ki, heç bir dövlət tədbirinə qatılmır.
Belarus prezidenti Aleksandr Lukaşenkonun xanımı Qalina da ictimai həyatda fəallığa o qədər də meyil göstərmir. O, Aleksandrla Rıjkoviç kəndinin orta məktəbinin yuxarı sinfində tanış olub. Cütlüyün sevgisi 1975-ci ildə evlənmə ilə nəticələnib. Qalina əvvəllər uşaq bağçasında işləyib.
Qazaxların birinci xanımı Sara Nazarbayevanı da bu siyahıya aid etmək olar. Nursultan Nazarbayevin ömür-gün yoldaşı 1941-ci ilin 12 fevralında Qaraqanda vilayətinin Qızıl Jar kəndində dünyaya göz açıb. O, Nazarbayevlə 1962-ci ildə ailə qurub. 
Suriya prezidentinin xanımı Əsma Əsəd Londonda dünyaya gəlib və təhsilini də bu şəhərdə alıb. ABŞ-ın iri maliyyə təşkilatında çalışmış Əsma Suriyaya gəldikdən sonra Bəşərlə ailə qurub. O, 2008-ci ildə dünyanın ən zövqlü xanımı adını da alıb. 
Ömrünü Yaponiyanın baş naziri Sinzo Abeyə bağlamış Akie Abe də gözdən-könüldən uzaq olanlar siyahısındadır. Təmkinli görünüşə malik xanım hər zaman qüsursuz görünməyi bacarır. O, uzun illər radioda DJ işləyib. Rəqs etməyi sevən qadın dəblə maraqlanır.    
Çin Xalq Respublikasının sədri Si Çzinpinin xanımı Pen Liyuan isə başqalarından fəqrli olaraq ölkəsində tanınır. Lakin onu məşhurlaşdıran ölkə rəhbərinin xanımı olması deyil. O, Çin xalq mahnılarının mahir ifaçısıdır. Dövlət orqanlarında çalışmış xanım həm də general mayordur. Pen Liyuan Si Çzinpinlə 1986-cı ildə tanış olub. Onlar 1987-ci ildə evliliyə qərar veriblər.   
Fransa prezidenti Fransua Ollandın xanımı Valeri Trierveyler "Pari matç" jurnalının əməkdaşıdır. Tarix və politologiyanı öyrənən qadın ictimai həyatın diqqət mərkəzində olmağı sevmir.
Britaniya Krallığının baş naziri Devid Kameronun kübar ailədən olan xanımı Samanta Qvendolin Şeffild barəsində məlumatlar da çox azdır. II  Karlın nəslindən olan qadın Britaniyanın baş naziri ilə 19 il əvvəl ailə qurub.  
Koreya Xalq Demokratik Respublikasının adı dillərdə gəzən lideri Kim Çen İndən fərqli olaraq onun xanımı Li Sol o qədər də diqqət mərkəzində deyil. Maraqlı fakt: - onların qanuni ər-arvad olmaları barədə ilk məlumat Koreya mətbuatında ancaq 2012-ci ilin 25 iyulunda yayıldı.
Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın ömür-gün yoldaşı Əminə Ərdoğan İstanbulda böyüyüb. "Mithat Paşa Akşam" incəsənət məktəbində oxusa da, təhsilini başa vurmayıb.

Avstraliya mətbuatı baş nazir Toni Ebbotun xanımı barədə məlumatı olduqca xəsisliklə yayır. Buna səbəb həmin qadının da diqqət mərkəzindən kənarda olmasıdır. Bir çox ölkələr Avstraliyanın birinci xanımının kimliyi barədə xəbərlərlə ilk dəfə 2011-ci ildə, G20 sammiti Avstraliyada keçirilərkən tanış oldular.

Mənbə: Milli.Az

 

3 oktyabr 2015
GO BACK