Mingəçevir şəhər sakini Böyükkişi Adilbəyli fil sümüklərini tapdığını iddia edir. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, o, həmin sümükləri Mingəçevir su anbarının çimərlik hissələrinə yaxın ərazilərdə apardığı axtarışlardan sonra üzə çıxarıb. İxtisasca rəssam-heykəltaraş olan Böyükkişi Adilbəylinin əlində filin başqa hissələri də var: "Bu tapılmış arxeoloji fraqment Mingəçevir ərazisində 100 min illər bundan əvvəl yaşamış cənub fillərinin skeletinin onurğa sütunun bir fraqmentidir. Mən onları tapmışam və bunları tapmaq üçün çox uzağa getmək lazım deyil".
54 yaşlı həvəskar arxeoloq hesab edir ki, sümüyünü tapdığı fil, bəlkə də, ondan daha da vəhşi olan heyvanlar tərəfindən parçalanıb. Həm də düşünür ki, cənub fillərinin indiki Mingəçevir ərazisində yaşaması buranın zəngin flora və faunaya malik olmasından xəbər verir. Həvəskar arxeoloqun qarşısında duran məsələ həmin fillərin bir yerdə öldükləri qəbiristanlığı tapmaqdır: "Elmdən məlumdur ki, fillər hamısı bir yerdə qəbiristanlıq şəklində ölürlər. Amma onların qəbiristanlığınI hələlik aşkar etmək mümkün olmayıb".
Tapıntıların bir hissəsini Mingəçevir şəhər Tarix Muzeyinə təqdim edən Böyükkişi Adilbəyli indi mütəxəssislərin köməyinə ehtiyac duyur.
Mənbə: Milli.Az