Rusiya təyyarələri Suriya ərazisinə hava zərbəsi endirməkdə davam edir.ANS TV-nin məlumatına görə, Rusiyanın Hərbi Hava Qüvvələrinin təyyarələri yeni zərbə endirərək Suriyanın Hama əyalətində “İŞİD” silahlılarının komanda məntəqəsinin bərpasının qarşısını alıb. Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib.Bu arada Amerika Birləşmiş Ştatları, Almaniya, İngiltərə, Fransa, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı birgə bəyanat yayaraq Rusiyadan Suriyaya hava hücumlarını dərhal dayandırmağı tələb edib.
7 ölkənin birgə bəyanatında Rusiya hücumlarının Suriya müxalifətini və vətəndaşları hədəf aldığı iddia edilir. Rusiya isə bir neçə ölkənin birləşməsini və ona qarşı çıxış etməsini səssiz qarşılamayıb.
Bəyanatdan dərhal sonra Rusiyanın xarici işlər naziri Serqey Lavrov məsələyə və ittihamlara münasibət bildirib.O, bəyan edib ki, Rusiya Hərbi Hava Qüvvələrinin Suriyada hədəfi “İŞİD”in yanacaq və silah anbarlarıdır.
Lavrov BMT-də keçirilən mətbuat konfransında bu barədə danışıb.Xarici işlər naziri həmçinin Rusiyanın Suriyada ilk aviazərbələrindən sonra bir çox qərb kütləvi informasiyalarının yanlış məlumat yaydığını da deyib.
Mənbə: ANS PRESS