Türkiyə Bursa vilayətinin İznik rayonunda qonaq olan gürcü baş yepiskop müsəlmanlarla birlikdə cümə namazı qılıb. ANS PRESS-in məlumatına görə, Gürcüstandan olan baş yepiskop Malxaz Sonqulşvili və bərabərindəki heyət İznik bələdiyyə başçısı Osman Sarqının qonağı olublar.
Zöhr vaxtı sədr Sargın cümə namazına getmək üçün qonaqlardan izn istəyəndə Sonqulaşvili, “Eyni Allaha inanırıq. Olar mən də sizinlə cümə namazı qılım?” – deyə soruşub. Bələdiyyə sədri, “Əlbəttə” – deyərək gürcü din xadiminə dəstəmaz aldıraraq onu “Ayasofiya Orxan”məscidində cümə namazına aparıb. “Ayasofiya Orxan” məscidinin din xadimi Mahmud Şahin tarixi bir hadisəyə şahidlik etdiklərini bildirib.
“Mən xütbə oxuyanda qonağı möminlərin sırasında gördüm. Bu hadisəyə həm təəccübləndik, həm də gözəl hisslər yaşadıq. Çünki xristian dininə mənsub böyük bir din xadimi gəlib “Ayasofiya”da bizimlə birlikdə cümə namazı qıldı. Bu cür tarixi hadisəyə şahid olduğumuz üçün sevincliyik, xöşbəxtik və ona təşəkkürümüzü bildiririk.”
Gürcüstanın Batumi şəhərindən bir qrup dindar Bursa bələdiyyəsinin dəvəti ilə bu şəhərdə səfərdə olublar. Malxaz Sonqulaşvilinin rəhbərlik etdiyi heyət İznik rayonu bələdiyyə sədri Osman Sargını ziyarət ediblər. Ziyarətdə Evanqel Baptist kilsəsinin baş yepiskopu Malxaz Sonqulaşvili, yepiskop İlya Ospeasuli, QMİ Gürcüstan nümayəndəliyinin təmsilçisi Eyvaz Mərdanov, Dünya gürcü müsəlmanları şurasının sədri Kamal Tsetxladze, Gürcüstan yezidiləri dini icmasının sədri Dimitri Pir Bari iştirak ediblər.
Mənbə: ANS PRESS