Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə Sentyabrın 27-də gün ərzində və 28-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınıb.
Azərbaycan Silahlı Qüvvələri Ermənistan Ordusunun canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə zərbə endirib.
Düşmənlə ağır döyüşlərdə cəbhənin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu, Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu şəhid olub.
Erməni hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş koordinatda onun müdafiəsinin dərinliyindəki canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə endirilən zərbələrindən sonra qarşı tərəfin 7 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.
Ordumuz bir neçə gün əvvəl də bir şəhid verib. Sentyabrın 25-də qoşunların təmas xəttində qarşı tərəfin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib. Cəbhə xəttində qeydə alınan ağır döyüşlərdə Azərbaycan ordusu itki verib.
Ermənistan hərbi birləşmələrinin iriçaplı silahlardan, eləcə də 82 millimetrlik minaatanlardan istifadə etməsi nəticəsində Silahlı Qüvvələrimizin bir nəfər hərbi qulluqçusu əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçumuz yüngül qəlpə yaraları alıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olmuş hərbi qulluqçuların ailələrinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir. Bildirilir ki, şəhidlərimizin qanı həmişə olduğu kimi, bu dəfə də yerdə qalmayacaqdır.
Silahlı Qüvvələrimizin bölmələrinin Ermənistan bölmələrinə qarşı güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı onlara endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilib və 16 nəfərədək yaralısı var.
Onlardan 10 nəfəri ağır vəziyyətdədir.
Erməni mətbuatının məlumatına görə, qoşunların təmas xəttində qeydə alınan qarşıdurma zamanı hərbi qulluqçular Norayr Xaçatryan (1995-ci il təvəllüdlü), Robert Mkrtçyan (1995), Arut Akopyan (1997) və Karen Şaginyan (1997) həlak olublar.
Son sutka ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 116 dəfə pozub.
Amma Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və qoşunların təmas xəttində təxribatların qarşısını almaq məqsədilə düşmənə qarşı müvafiq tədbirlər həyata keçirilir.
Müdafiə Nazirliyi bir daha bildirir ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Mənbə: ANS PRESS