Ötən gün axşam saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən minaatanlardan da istifadə edilməklə Ağdam rayonunun cəbhəboyu kəndlərinin atəş tutulması nəticəsindəmülki şəxs Bağırov Bəhram Qaraxan oğlu həlak olub.
Maraqlıdır ki, belə vəziyyətdə beynəlxalq qurumlar, nədənsə, erməni tərəfinin itkilərinə dərhal reaksiya verdiyi halda Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasına və dinc sakinlərinin qətlinə biganə qalır və ermənilərin cinayətlərinə düzgün reaksiya vermədən göz yumurlar.
Qoşunların təmas xəttində vəziyyətin gərginliyini, mülki əhalinin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunmasını nəzərə alaraq, Silahlı Qüvvələrimiz daha artıq dağıdıcı qüvvəyə malik zərbə vasitələrindən istifadə etməklə qarşı tərəfin hərbi obyektlərinə əvvəlcədən xüsusi xəbərdarlıq olmadan zərbələr endirmək hüququnu özündə saxlayır və bunun nəticələrinə görə məsuliyyət birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Bundan əvvəl isə qoşunların təmas xəttində qarşı tərəfin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib. Nəticədə Silahlı Qüvvələrimizin bölmələrinin qarşı tərəfə güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı ona endirilən raket-artilleriya zərbələri nəticəsində Ermənistan Silahlı qüvvələrinin 4 hərbi qulluqçusu məhv edilib və 16 nəfərədək yaralısı var. Onlardan 10 nəfəri ağır vəziyyətdədir.
mənbə: ANS PRESS