Serj Sarkisyan Qarabağın Ermənistan ərazisi olması barədə bəyanatını isə sentyabrın 26-da İrəvanda uydurma soyqırımın 100 illiyinə həsr edilmiş tədbirlərin koordinasiyası üzrə dövlət komissiyasının 6-cı iclasında çıxışı zamanı səsləndirib. “Ermənistan bu gün planetin ən hərbiləşmiş ərazilərindən biridir. Mən Ermənistan deyəndə, Dağlıq Qarabağı da onun ayrılmaz hissəsi sayıram”,- deyə Ermənistan prezidenti bildirib.
Ermənistan prezidenti çıxışının sonrakı hissəsində daha da irəli gedib və Azərbaycana qarşı sərt cəza tədbirləri görəcəyini də iddia edib: “Bilirsiniz, hələ bizim atalarımız deyirdi ki, müharibə vaxtı plov paylamırlar. 20 illik məcburi atəşkəs dövrünü Bakı rəhbərliyinin inadı üzündən sülhə çevirmək mümkün olmadı. Biz toqquşmadan qaçmaq üçün hər şey elədik. İndi də hər şey edəcəyik, bura cəza əməliyyatları da daxildir”.
Üzeyir Cəfərov Ermənistan prezidentinin bu sözləri stress altında söylədiyini düşünür: “Görünür, Moskva ona verdiyi sözü tutmayıb. Yəni 200 milyon dollarlıq hərbi yardımı verməyib. Yaxud üzərinə yeni tələblər qoyub. Bu da buna görə hər şeyi məhv etmək istəyir. Bəlkə də, döyüşə biləcəklərini düşünür. Hər halda, Ermənistan ərazisinin müdafiəsini 102-ci Rusiya hərbi bazasına həvalə ediblər”.
Mənbə: ANS PRESS