"Türkiyə olaraq ziyarətin təşkilatçılığını intizamlı şəkildə həll edərik".
Səudiyyə Ərəbistanının Məkkə şəhərində yüzlərlə zəvvarın ölümünə səbəb olan izdiham faciəsindən sonra Türkiyədən bu ölkəyə şok təklif səsləndirilib. ANS PRESS-in məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini ziyarət zamanı Məkkədə təhlükəsizlik yönündən ciddi bir əskiklik olduğunu deyib. Mehmet Əli Şahin həcc ziyarətinin təşkilatçılığının Türkiyəyə verilməsini təklif edib. Şahin, baş verənlərə "tale", "vaxtı çatdı", "əcəl" və s. deyib keçməyin mümkün olmadığını deyib. Sədr müavini həmçinin Məkkə və çevrəsinin Səudiyyə Ərəbistanı ərazisində olsa da bu müqəddəs məkanın bütün müsəlmanlara aid olduğunu vurğulayıb: "Oradakı təhlükəsizlik probleminin həlli üçün bütün müsəlman ölkələrinin birlikdə müzakirələr aparmasında fayda var. "Oradan gələnlər buradan gələnləri sıxışdırıb əziblər". Elə şey olar? Bunu dünyaya necə izah edəcəksiniz? İzahı mümkündürmü? Minə yaxın, 753 insan dünyasını dəyişdi. Belə şey olar? Heç kim millətçilik elədiyimi fikirləşməsin. Bizə versinlər, Türkiyə Allahın izni ilə heç kimin burnunu qanatmadan həcc ziyarətini təşkil edər. Zəhmət haqqı da istəmirik. Səudiyyə Ərəbistanı hökumətinə müraciət edirəm. Verin bizə, Türkiyəyə. Türkiyə olaraq ziyarətin təşkilatçılığını intizamlı şəkildə həll edərik". Mehmet Əli Şahin Səudiyyə Ərəbistanı rəsmilərinin baş verənləri zəvvarların səhlənkarlığıl ilə əlaqələndirməsinə də kəskin etirazını bildirib: "Qardaşım, tədbiri sən görəcəksən. İntizamı sən təmin edəcəksən. Onlara istiqamət verəcəksən. Afrikadan gəliblər. Ola bilər ki, gediş-gəlişi bilmirlər. Onları öyrədən, yol göstərən siz olmalısınız. İstiqamət lövhələri, hətta insanlarla onlara rəhbərlik etməli olan da sizsiniz. Bunun bəhanəsi ola bilməz. Səhlənkarlıq nəticəsində insan tələfatı meydana gəlmişdir. Bir daha belə şeylərin olmamasını təmənna edirəm". İki gün öncə Səudiyyə Ərəbistanının Məkkə şəhərində 753 zəvvarın ölümü, 887 nəfərin isə xəsarət alması ilə nəticələnən faciə baş verib. Qəza Mina çölündə yaranan izdiham nəticəsində baş verib.
Mənbə: Milli.Az