ANS PRESS-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceymas Uorlik Twitter səhifəsində yazıb. O, Ermənistan-Azərbaycan sərhədində yaranmış gərgin vəziyyətə toxunub: "ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfləri zorakılığa son qoymağa çağıraraq, Ermənistanın və Azərbaycanın rəsmi şəxsləri ilə əlaqələri davam etdirirlər."
Bu açıqlama ötən gün cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozan Ermənistantərəfinin itkilərə məruz qalaraq geri çəkilməsindən sonra verilib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bəyanat yayaraq bildirib ki, guyaAzərbaycan tərəfi sentyabrın 24-də minaatanlardan və müxtəlif kalibrli atıcı silahlardan istifadə edərək Ermənistan-Azərbaycan dövlət sərhədinin şimal-şərq hissəsində Tavuş rayonu ərazisində atəşkəs rejimini pozub. Sərhəd zonada yerləşən məntəqələr atəşə tutulub və buna görə sərhəd zonada yaşayan dinc əhali arasında ölənlər var.
Bəyanatda deyilir: "Azərbaycan tərəfi daim Qarabağ münaqişəsinin nizama salmasına yönəldilmiş danışıqlar və görüşlər ərəfəsində fitnəkar hərəkətlərə yol verir və qəsdən sərhəd zonasında gərginlik yaradır. Bütün bunlar növbəti dəfə onu göstərir ki, qonşu dövlətin hərbi-siyasi rəhbərliyi Qarabağ probleminin nizamlanması üzrə təşəbbüslərə məhəl qoymur və vaxtaşırı süni şəkildə təmas xəttində sabitliyi pozur. Yaranmış vəziyyət Azərbaycanın hərbi-siyasi rəhbərliyinin xain taktikasının nəticəsidir və ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin nizama salması üzrə danışıqların məntiqinə, həmçinin beynəlxalq humanitar hüquq prinsiplərinə ziddir.
Mənbə: ANS PRESS