ANS PRESS-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Fövqəladə Hallar Nazirliyi bildirir. Belə ki, Mina dağında yaranan basabas nəticəsində 717 nəfər həlak olub, 805 nəfər isə xəsarət alıb. Həlak olanların və zərər çəkənlərin milli mənsubiyyəti haqqında hələ ki, dəqiq informasiya yoxdur.
Hadisə Səudiyyə Ərəbistanında Məkkənin yaxınlığında Mina vadisində minlərlə zəvvarların Şeytana daş atdığı vaxtda baş verib. ANS TV-nin Səudiyyə Ərəbistana ezam olunmuş xüsusi müxbiri Aytən Abdulovadan aldığımız məlumata görə, basabas nəticəsində ölənlənlər və xəsarət alanlar arasında azərbaycanlı yoxdur: "Biz, yəni azərbaycanlı zəvvarlar artıq Mina dağını ziyarət edib qayıtmışdıq ki, bu hadisəni eşitdik. Narahatlığa əsas yoxdur, hamımız yaxşıyıq. Sadəcə, indi bu faciyəyə görə o istiqamətdə gediş müvəqqəti saxlanılıb", - deyə Aytən bildirdi. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər nazirliyi: “Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyi baş vermiş faciədə zərər çəkənlər arasında Azərbaycan Respublikası vətəndaşlarının olub-olmadığını bu ölkənin dövlət qurumları ilə araşdırır”, -deyə açıqlama verib.
Sonuncu dəfə bu cür hadisə 2006-cı ildə baş verib. Həmin faciədə 360-dan çox zəvvar dünyasını dəyişib.
Bu il ərzində Məkkədə baş verən dördüncü hadisədir. Belə ki, Səudiyyə Ərəbistanın Məkkə şəhərində əvvəlcə daşqın oldu. Daha sonra isə Məscidi Həramda kranın aşması nəticəsində 107 nəfər öldü, 238 nəfər isə xəsarət aldı. Ardınca Məkkədə dağ uçqunu nəticəsində azı 2 nəfərin öldüyü deyilir.
Mənbə: ANS PRESS