Allah-Təala Qurani-Kərimdə Qurban barədə belə buyurur: “Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmayılı qurban kəsmək üçün) üzü üstə yerə yıxdığı zaman biz ona belə xitab etdik: “Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. (Onu belə yad edirlər:) “İbrahimə salam olsun!” Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”(“əs-Saffat, 103-110).
Bildiririk ki, qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəbb əməllərdən hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır. Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun bir, öküz və inəyin iki, dəvənin isə beş ili tamam olmalıdır. Qurban ətinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. Yeddiyədək şəxsin cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsmələri çox yerlərdə el adətinə çevrilmişdir. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbalara paylanmalıdır. Qeyd edirik ki, şərikli kəsilən qurbanın hər şərikə çatan payı da həmçinin, üç hissəyə bölünməlidir.
mənbə: ANS PRESS