Dövlət Sosial Müdafiə Fondu (DSMF) gələn il üçün gəlirləri və xərcləri haqqında məlumat açıqlayıb. ANS PRESS-in məlumatına görə, gəlirin 82%-nin əhaliyə ödənişlərə xərclənəcəyi bildirilib. Bu isə 3 milyard 11,2 milyon manat deməkdir.
Fondun sədri Elman Mehdiyevin sözlərinə görə, əhaliyə ödənişlərin 97,1%ni və ya 2 milyard 923,6 milyon manatını əmək pensiyalarının ödənilməsi üzrə xərclər, 2,9%-ni və ya 87,6 milyon manatını isə müavinət xərcləri təşkil edəcək.
O, fondun 2016-cı il üçün büdcə göstəricilərində artımın olduğunu da bildirib: "Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcə göstəriciləri builkindən daha çoxdur. Gələn il DSMF-nin büdcəsi artımla proqnozlaşdırılır. Yəni biz 3 milyard 78 milyon manat proqnozlaşdırırıq ki, bu da cari ilin proqnozundan təqribən 22 milyon manat çoxdur".
İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, bu artım 2016-cı ildə pensiyaların inflyasiyagöstəricilərinə uyğunlaşdırılmasına sərf ediləcək. "Gələn ilin yanvar ayında pensiyalarindeksasiyalaşdırılacaq.
Məqsəd inflyasiyanın pensiyanın real dəyərini azaltmasının qarşısını almaqdır. Beləliklə, DSMF-nin büdcə göstəricilərindəki artım müəyyənləşdirilən pensiya xərclərinin ödənilməsinə və vaxtında verilməsinə xərclənəcək". Bu isə o deməkdir ki, gələn ilin əvvəli inflyasiyanın səviyyəsinə uyğun olaraq pensiyalar artırılacaq.
Eyni zamanda gələn ilin fondun büdcə xərclərinin məbləği və onların sərf ediləcəyi sahələr də açıqlanıb.
Mənbə: ANS PRESS