APA-nın xəbərinə görə, Vaan Martirosyan və həyat yoldaşı Karina Qasparyan tərəfindən imzalanan birgə bəyanatda deyilir:
"Mən, Martirosyan Vaan Emilyeviç, 1986-cı ildə İrəvanda anadan olmuşam. Ermənistan vətəndaşıyam. Azərbaycan Respublikasındakı qeyri-hökumət təşkilatlarından olan dostların və həmkarlarımın köməyi ilə könüllü şəkildə ailəmlə birlikdə Azərbaycan Respublikası ərazisinə keçmişəm. Azərbaycanda məni çox dostcasına və qonaqpərvərliklə qarşılayıblar, Azərbaycan tərəfindən heç bir təzyiqlə qarşılaşmamışam. Bu hərəkətə səbəb mənim Ermənistanda ictimai-siyasi, hüquq müdafiəçisi fəaliyyətim olub.Mən "Milli Azadlıq Hərəkatı" vətəndaş təşəbbüsünün rəhbəri olaraq Serj Sarkisyanın cinayətkar rejiminə, Ermənistanda hakimiyyətin total korrupsiya fəaliyyətinə qarşı mübarizə aparmışam. Məhz bu fəaliyyətə görə mən və hərəkatdan olan digər həmkarlarım son 3 ildə davamlı şəkildə Ermənistanın hakimiyyət orqanları tərəfindən təqib və təzyiqlərə məruz qalmışıq. Nəhayət, 12 avqust tarixində Serj Sarkiyanın yaxın dostu, hakim Ermənistan Respublika Partiyasının deputatı Mger Sedrakyanın cangüdən və qohumları öz evimdə mənə və ailəmə hücum ediblər. Hücum nəticəsində mən yaşlı anam və 2 yaşlı oğlumun gözü qarşısında vəhşicəsinə döyülmüşəm, nəticədə hamilə həyat yoldaşım uşağımızı itirib. Bundan sonra davamlı şəkildə işi bağlamaq və mediaya məlumat sızdırmamaq üçün rüşvət təklif ediblər. Mən bu təklifi rədd etdikdən sonra anama təzyiqlər başlayıb.Ermənistan İstintaq Komitəsi mənə qarşı müxtəlif saxta cinayət işləri qaldırıb, saxta şahidlər tapıblar və tibbi məntəqələrini mənim döyülməyimlə bağlı saxta sənəd hazırlamağa məcbur ediblər. Bütün bunların nəticəsində həbsdən, repressiyadan, ədalətsiz məhkəmədən və ailəmin təhlükə altında olmasından qorxaraq, dərhal Ermənistanı tərk etmək barədə qərar verdim. Mənim məqsədim Serj Sarkisyanın qeyri-legitim rejiminin cinayətkar mahiyyəti, onun ətrafı tərəfindən törədilən qanunsuzluqla bağlı Azərbaycan KİV-i vasitəsilə dünya ictimaiyyətinin, erməni diasporunun və beynəlxalq ictimaiyyətinin gözünü açmaqdır. Həmçinin onu göstərməkdir ki, bu rejim düşünülmüş şəkildə Dağlıq Qarabağ münaqişəsindən necə istifadə edir və Ermənistan iqtisadiyyatının, ordusunun, erməni xalqının ümumi yaşayışının tənəzzülü hesabına özünün mənfəəti məqsədilə Azərbaycanın simasında saxta düşmən görüntüsü yaradır".
Mənbə: Milli.Az