ANS TV-nin məlumatına görə, yaşı 75-i haqlayan Xəlil Əmralıyev Kəlbəcərin Başlıbel kəndindəndir. 22 il əvvəl ailəsi ilə birlikdə məcburi köçkün düşərək Bərdənin Xan Ərəb kəndində, qohumlarının həyatyanı sahəsində qarğı və palçıqdan inşa edilmiş daxmada məskunlaşır. Xəlil dayının dediyinə görə şəraitsiz daxmada yaşamaq ürək çatışmazlığı və qan təzyiqi xəstəliyindən əziyyət çəkməsinə səbəb olur.
2 il sonra isə ailənin dərdinin üstünə 1 dərd də gəlir. Xəlil dayının hərbi xidmətə yollanan oğlu Adil Əmralıyev cəbhənin Murovdağ istiqamətində şəhid olur. Ağsaqqal oğul dağını sinəsinə basıb bu dərdə də dözür. Bundan sonra digər oğlunu evləndirən Xəlil dayı dünyaya gələn nəvələri üçün yaşayır. Amma ailənin aylıq büdcəsi Xəlil dayının arzularının reallaşmasına imkan vermir.Yaşadıqları palçıq daxma ötən illər ərzində qar və yağış suları səbəbindən daha da yayarsız vəziyyətə düşür. İndi həyat yoldaşı, oğlu, gəlini və iki nəvəsiylə birgə 6 nəfərlik ailənin məskunlaşdığı iki otaqlı daxma uçmaq təhlükəsizylə üz üzədir. Hər ay həyat yoldaşının və özünün dərmanlaına 200 manat xərcləmələri olduğunu deyən Xəlil dayının məskunlaşdığı sığınacağı təmir etməyə maddi imkanı çatmır. Ailə yeni mənzillə təmin olunmaları üçün hər il lazımi qurumlara müraciət edib.
Xəlil dayının sözlərinə görə, ötən il onlara mənzillə təmin olunacaqlarına dair söz verilsə də Bərdədə məcburi köçkünlər üçün salınan yeni qəsəbə hazır olduqdan sonra aidiyyatı qurumlar vədinə xilaf çıxıb.
Xəlil dayının həyat yoldaşı deyir ki, dəfələrlə məskunlaşdıqları komada nəvələri ilan sancması təhlükəsiylə üz -üzə qalıb.
Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsindən isə bildirdilər ki, Xəlil Əmralıyevin müraciətinə həqiqətən də cavab göndərilib. Amma həmin məktubda şəhid ailəsinə bildirilib ki, sizinlə eyni vəziyyətdə yaşayan ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə, hündürmərtəbəli yaşayış kompleksləri tikiləndə ərizənizə qanunla nəzərdə tutulmuş qaydada baxılacaq. Yəni konkret olaraq Xəlil Əmralıyevə 2015-ci ilin avqust ayındakı köçürmə prossesi zamanı evlə təmin olunacağına dair söz verilməyib. Deməli Xəlil dayı hələ bir neçə il palçıq daxmada mənzil növbəsini gözləməli olacaq. Əgər ömür vəfa edərsə.
Mənbə: ANS PRESS