Kanal S (Region TV) xəbər verir ki, gecə saatlarında Şəkidə yağan güclü yağış bir sıra fəsadlara yol açıb. İntensiv şimşək və göy gurultusu ilə müşahidə olunan leysan xarakterli yağış bəzi yerlərdə ağacların aşmasına səbəb olub. Avtomobillərin hərəkətinə çətinlik yaranıb, bəzi sürücülər yolda qalıblar. Şəkinin bəzi ərazilərinə dolu da düşüb. Bir neçə sakinə məxsus tikilinin dam örtüyü zədələnib. Yaranan sel səbəbi ilə mağazalara, evlərə lilli, çınqıllı su dolub, sakinlər çöldə gecələməli olublar. Rayonun elektrik təsərrüfatına da ciddi ziyan dəyib, bəzi ərazilərə elektrik verilişində fasilələr yaranıb.
Mənbə: Milli.Az