Kənd Təsərrüfatı Nazirliyindən APA-ya verilən məlumata görə, şumun gedişatı barədə gündəlik məlumatlar nazirliyin Bitkiçilik şöbəsində toplanılır və müvafiq təhlillər aparılır. Ərazi Kənd Təsərrüfatı İdarələrindən daxil olan məlumatlara əsasən, şum qaldırılmasında traktor və digər kənd təsərrüfatı alətləri ilə bağlı heç bir çətinlik yoxdur.DSK-nın 1 sentyabra olan məlumatına əsasən, respublika üzrə 237 610 ha sahədə təmiz herik şumu da daxil etməklə payızlıq əkinlər üçün şum qaldırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7 min ha (7,5%) çoxdur.Bununla yanaşı, dağ və dağətəyi zonalarda yerləşən Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarında proqnozlaşdırılan şum işlərində gecikmələr müşahidə olunmaqdadır ki, bu da 2016-cı ilin məhsuluna mənfi təsir göstərə bilər.Payızlıq əkinlər üçün şum qaldırılmasını sürətləndirmək və taxıl səpinini optimal müddətdə başa çatdırmaq məqsədilə sentyabrın 16-da Şəki rayonunda "Şum qaldırılmasının başa çatdırılması və payızlıq taxıl səpininə hazırlıq" mövzusunda regional müşavirənin keçirilməsi planlaşdırılır.Tədbirdə Nazirliyin Bitkiçilik şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, "Aqrolizinq" ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, aidiyyəti elmi-tədqiqat institutlarının, yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin, eləcə də fermer və sahibkarların iştirakları nəzərdə tutulur.
Mənbə: Milli.Az