Qadin.NET / Lənkəran düyüsü süfrələrə qayıdır

Lənkəran düyüsü süfrələrə qayıdır

Lənkəran düyüsü süfrələrə qayıdır
Vaxtı ilə şöhrəti dillər əzbəri olan dadlı-tamlı Lənkəran düyüsü yenidən süfrələrimizə qayıdır.
ANS PRESS-in məlumatına görə uzun fasilədən sonra rayonda ilk dəfə sənaye texnologiyası ilə, əl əməyindən istifadə edilmədən əkilmiş 100 hektar sahədə biçinə bu gün start verilib. Biçin İtaliyadan gətirilmiş çəltikbiçən kombayn vasitəsilə həyata keçirilir. Bu vaxta qədər isə astaralı fermerlər biçini taxılbiçən kombaynlar vasitəsilə aparırdılar ki, bu da 20% məhsul itkisinə səbəb olurdu.
Sahibkar Rövşən Əliyevin sözlərinə görə əkin vaxtı yerli iqlimə uyğunlaşdırılmış sortlarla yanaşı xarici sortlara da yer verilib, həm də vaxtı ilə bu yerlərdə əkilmiş Sədri, Haşimi kimi məhsuldar və keyfiyyətli sortlar becərilib. Hava şəraitinin optimal keçməsi səbəbindən məhsuldarlıq gözlənildiyindən də çoxdur. Hər hektarın məhsuldarlığının 80-90 sentner olacağı gözlənilir. Biçilmiş çəltik müəyyən müddət ərzində havaya verilib qurudulduqdan sonra yerli düyü dəyirmanlarında emal edilərək növlərə ayrılacaq və satışa çıxarılacaq.Yaxın günlərdə kənd təsərrüfatı nazirliyinin dəstəyi - lizinq yolu ilə İtaliyadan Metmar markalı qurutma avadanlığının gəlməsi biçin və emal prosesinin sürətlənməsinə səbəb olacaq.

Mənbə: ANS PRESS

12 sentyabr 2015
GO BACK