ABŞ-in Las Veqas şəhərində keçirilən güləş üzrə Dünya çempionatında Azərbaycangüləşçiləri XXXI Yay Olimpiya Oyunlarına 2 lisenziya əldə edib.ANS PRESS-in məlumatına görə, lisenziyanı qadın güləşçimiz Yuliya Ratkeviç (58 kq) və sərbəst güləşçimiz Toğrul Əsgərov (65 kq) qazanıb.
Dördüncü yarış günündə 55, 58, 63 və 75 kq çəki dərəcəsində qadın, 65 kq çəkidə sərbəst güləşçilər yarışıb. Azərbaycan güləşçiləri 4 çəki dərəcəsində mübarizə aparıb. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.
Dünya və Avropa çempionumuz Yuliya Ratkeviç 1/16 finalda Rusiya idmançısı Natalya Qoltsa 4:0 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb. Burada ukraynalı Tetyana Lavrençuka 6:0 qalib gələn Ratkeviç 1/4 finala adını yazdırıb.
Bu mərhələdə Qazaxıstan güləşçisi Ayim Abdildinanı 7:5 hesabı ilə məğlub edən təmsilçimiz yarımfinala adlamaqla yanaşı, Rio-de Janeyro Olimpiyadasına vəsiqəni təmin edib. O, finala gedən yolda finlandiyalı Petra Maaritlə güləşib. Rəqibinə 6:8 hesabı ilə uduzan Ratkeviç bürünc medal uğrunda isveçli Malin Yohanna Mattssonla yarışıb və 4:0 hesabı ilə qalib gəlib.Avropa Oyunlarının qalibi Toğrul Əsgərov mübarizəyə 1/32 finaldan qoşulub.İlk görüşündə qazaxıstanlı Sayatbek Okassova 7:2 hesabı ilə qalib gələn Toğrul 1/16 finalda erməni Devid Safaryanla üz-üzə gəlib. Rəqibi üzərində 8:2 hesablı qələbə qazanan Əsgərov 1/8 finala yüksəlib. O, bu mərhələdə gürcüstanlı Avtandil Kençadzedən üstün olub - 9:2. Güləşçimiz 1/4 finalda İtaliya idmançısı Frank Çamizo ilə qarşılaşıb. Bu güləşçi ilə Toğrul ilk dəfə birinci Avropa Oyunlarının finalında qarşılaşmışdı və güləşçimiz təmiz qələbə ilə qalib gəlmişdi. Bu dəfə də görüşün 30-cu saniyəsində Toğrul rəqibinin kürəyini xalçaya sıxa bilib. Ancaq hakimlərin qeyri-obyektiv qərarı ilə görüş davam etdirilib, İtaliya idmançısının qələbəsinə və finala yüksəlməsinə şərait yaradılıb. Toğrul Olimpiadaya vəsiqəni qazanmaq üçün təsəlliverici görüşə qatılıb. Polşa təmsilçisi Maqomedmurad Qadjiyevlə görüşdə əldə etdiyi üstünlük (12:3) güləşçimizə Rio Olimpiadasının yolunu açıb. Toğrul Əsgərov Dünya çempionatının bürünc medalı uğrunda İran təmsilçisi Seyidahmed Mohammadi ilə qarşılaşıb, ancaq görüş rəqibin 5:15 hesablı qələbəsi ilə başa çatıb və güləşçimiz dünya çempionatını 5-ci sırada tamamlayıb.
Mənbə: ANS PRESS