ANS PRESS-in məlumatına görə, əksər erməni saytları Ermənistan prezidenti Serj Sarkisyanla Rusiya prezidenti Vladimir Putinin bu gün Moskvada gerçəkləşəcək görüşünü şərh edərkən bu cür ehtimallar irəli sürürlər.
Erməni mətbuatı Rusiya Xarici İşlər Nazirliyinə yaxın mənbələrə istinad edərək Sergey Lavrovun Bakıya səfəri zamanı Azərbaycana münaqişənin sürətli həlli üzrə bir neçə variant təklif edildiyini bildirirlər. Bu variantlar üzrə ilkin razılığın Vladimir Putinin Avropa Oyunlarında baxmaq üçün Bakıya etdiyi səfər zamanı əldə edildiyi də vurğulanır. Bir neçə gün öncə həmin həll variantlarını Rusiya mətbuatına açıqlamış rusiyalı politoloq Vitali Arkovun fikrincə, münaqişənin iki həlli variantı realdır. Birinci variantda, Ermənistan tamamilə öz qoşunlarını Dağlıq Qarabağdan və ətrafdakı 7 rayondan çıxarır, ərazilər Azərbaycanın nəzarətinə keçir. 2014-cü ildə müzakirə mövzusu olmuş həmin məsələyə görə, Ermənistan Azərbaycana 3 ildə 10 milyard dollar, yəni ildə 3,4 milyard dollara yaxın pul verməyi təklif edib. Vitali Arkovun sözlərinə görə, Serj Sarkisyan bundan aşağı məbləğə Ermənistan qoşunlarını geri çəkməyə razılaşmayacağını bildirib. Lakin Azərbaycan bu cür həll variantından imtina edib.
Ermənilərin xərcsiz razılaşmaq istədiyi ikinci variant isə Dağlıq Qarabağın ətrafındakı rayonların Azərbaycana qaytarılması ilə bağlıdır. Həmin varianta görə, Laçın dəhlizi də Ermənistana verilir və Dağlıq Qarbağ Ermənistana birləşdirilir. Azərbaycana qaytarılmış rayonlara məskunlaşdırılmış ermənilər isə məhz Azərbaycanın hesabına Ermənistana və ya Dağlıq Qarabağa köçürülür. İşğal edilmiş Azərbaycan ərazilərini “qan tökülərək tutulmuş torpaqlar” hesab edən Ermənistan mətbuatı bu həll variantlarının heç biri ilə razılaşmaq istəmir. Məsələn, erməni şərhçi Haykazn Qaqriyan hətta Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tutan ikinci variantı erməni maraqlarının tapdanması kimi dəyərləndirir: “Rusiya bu planın həyata keçirilməsi üçün erməni maraqları hesabına güzəştə getməyə hazırdır”. Erməni mətbuatının iddiasına görə, erməni cəmiyyəti qan tökülmüş torpaqları geri qaytarmağa hazır deyil.
Amma Azərbaycan politoloqu Tofiq Abbasov ANS PRESS-ə müsahibəsində Serj Sarkisyanın Moskvada müəyyən güzəştlərə gedə biləcəyini istisna etmir: “İndi Ermənistan elə vəziyyətdədir ki, Serj Sarkisyanın güzəştə getməkdən başqa yolu yoxdur. Camaat Ermənistandan qaçıb dağılır. Təbii ki, Serj Sarkisyan müəyyən şərtlər daxilində güzəştlərə razı ola bilər. Əhalinin böyük hissəsi münaqişənin həllinin uzanmasından çox narahatdır.”
Tofiq Abbasov Azərbaycanın ermənilərə müəyyən qədər kompensasiya verməyi də mümkün sayır: “Amma bu kompensasiya sırf Dağlıq Qarabağda yaşayan və Azərbaycanın yurisdiksiyasını qəbul etmiş ermənilərə verilə bilər. Ermənistana hansısa milyardların ödənməsindən yox. Əslində, Ermənistan bizə kompensasiya ödəməlidir. Çünki kəndlərimizi, şəhərlərimizi, mədəniyyət ocaqlarımızı dağıdıb”. Azərbaycanlı politoloq Ermənistanla ərazi mübadiləsinə getməyi də mümkün sayır: “Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan ərazi güzəştinə getməyəcək. Əcdadlarımız bunu edib, biz etməyəcəyik. Artıq Zəngəzur dövrü bitdi. Amma Ermənistanla ərazi mübadiləsinə gedə bilərik. Yəni Dağlıq Qarabağdakı bəzi erməni yaşayış məntəqələrinin və onları Ermənistana birləşdirən dəhlizin əvəzinə bərabər sahəyə malik müəyyən əraziləri almaq olar. Bu, Naxçıvana Meğridən dəhliz, İcevan, Noyemberyan, Vardenis, Krasnoselk və Ararat rayonunun bəzi boşalmış kəndlərini əhatə edə bilər. Bu, 1988-ci ildə Ermənistandan qaçqın düşmüş 300 min azərbaycanlı üçün bir növ kompensasiya olar. Barışıq zamanı onların da haqqı gündəmə gəlməlidir”.
Politoloq bu məsələdə haqlıdır. Həmin kəndlərin Azərbaycana verilməsi Ermənistan xəritəsini əhəmiyyətli şəkildə dəyişməz. Nəticədə, bu həll variantı “qanla yoğrulmuş torpaqlar” barədə söhbətləri özünətəlqin vasitəsi ilə şüuraltı səviyyədə mənimsəmiş sadə erməniləri qıcıqlandırmaz. Çünki vaxtilə azərbaycanlıların yaşadığı həmin ərazilər indi boşdur. Ermənistanı idarə edən "Qarabağ klanı" da öz siyasi elektoratını bununla razı salmış olar. Yəni Serj Sarkisyanın, Robert Koçaryanın, Seyran Ohanyanın doğulduğu torpaqlar "klan"ın nəzarətində qalar və onlar öz məhəllələrində "qəhrəman" imiclərini itirməzlər.
Mənbə: ANS PRESS