Qadin.NET / Aztəminatlı ailələrə şad xəbər - mənzil veriləcək

Aztəminatlı ailələrə şad xəbər - mənzil veriləcək

Aztəminatlı ailələrə şad xəbər - mənzil veriləcək
Bakıda onlarla gənc ailə mənzil almaq üçün sosial evlərin tikilməsini və ipoteka şərtlərinin sadələşdirilməsini gözləyir. Bu məsələ Milli Məclisin divarları arasında da bir neçə dəfə müzakirə edilib. 

İyulun 13-də ölkə prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında isə dövlət başçısının Azərbaycanda ipoteka şərtlərinin sadələşdirilməsi ilə bağlı göstərişi oldu.
 Lakin müxtəlif şəxslər tərəfindən sosial evlərin tikintisinin vacib olduğu söylənilsə də, hələ də bununla bağlı konkret layihə hazırlanmayıb. Mənzil bazarında qiymətlərin artması isə əhali arasında sosial evlərə ehtiyacı artırıb. 
İqtisadi ekspertlər hesab edirlər ki, manatın devalvasiyasından sonra mənzil bazarında müşahidə olunan qiymət azalmaları, bu ilin payızından etibarən yenidən arta bilər. Bu isə mənzilə sahib olmaq istəyənlərin işini çətinləşdirəcək. Nəticə etibarı ilə cəmiyyətin mənzilə ehtiyacı olan müxtəlif təbəqələrində sosial evlərə və güzəştli ipoteka kreditlərinə tələbat artacaq.
Bəs, sosial evlərin tikintisindən sonra bu mənzillərə kimlər sahiblənə biləcəklər?
Məsələ ilə bağlı Musavat.com-a Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev danışıb. O bildirib ki, sosial evlərin tikintisi nəzərdə tutulub: "Biz burada dünya təcrübəsindən istifadə edəcəyik. O evlər adətən, aztəminatlı ailələr üçün nəzərdə tutulub. Məlumdur ki, sosial vəziyyəti yaxşı olan ailələr özləri istədikləri mənzillərə sahib olurlar. Sosial evlərdən isə özlərinə mənzil ala bilməyən şəxslər faydalanacaqlar. Mənzillər tam təmirli olacaq. Hər bir şəraiti qurulacaq. Maya dəyərini aşağı salmaq üçün beşmərtəbəli binalar formasında tikilməsi nəzərdə tutulub. Vətəndaşların bu evlərə sahib olma qaydaları da çox sadədir. Bununla bağlı dünyanın müxtəlif ölkələrinin təcrübələri mövcuddur. Əgər hökumət bu layihələri reallaşdırmağa başlayarsa, bu cür məsələlər həll olunacaq işlərdir. Qeyd etdiyim kimi, bu cür evlər adətən, mənzilə daha çox ehtiyacı olan insanlara verilir".M.Quliyev bildirib ki, ailə tərkibindən asılı olaraq, mənzillərin əraziləri də müxtəlif olur: "Ailə tərkibi kiçik olanlar üçün 70-100 kvadratmetr sahəsi olan mənzillər verilir. Ailə tərkibi geniş olanlara isə 150-200 kvadrat metr yaşayış sahəsi olan evlər verilir ki, onların da sayı bir o qədər çox olmur. Eyni zamanda bu layihəni şəhərciklər formasında da gerçəkləşdirmək olar".Musa Quliyev bildirib ki, vətəndaşlar bəzən güzəştli ipoteka kreditləri ilə sosial evləri qarışdırırlar. Ancaq bunlar fərqli anlayışlardır: "Güzəştli ipoteka krediti ilə vətəndaş harada istəsə, müəyyən şərtlər daxilində mənzilə sahib ola biləcək. Ancaq sosial evlər isə konkret müəyyənləşdirilmiş mənzillərdir. Sosial evlər ipoteka şərtləri ilə verilmir. Bu mənzillər vətəndaşlara kirayə müqaviləsi əsasında verilir. Vətəndaşlar müəyyən müddət orada yaşayıb, müqaviləyə uyğun olaraq, ödənişi bitirdikdən sonra həmin evlərə sahiblənirlər".

Mənbə: Milli.Az

 

6 sentyabr 2015
GO BACK