O bildirib ki, adlar siyahısına AMEA-nın Dil Komissiyası baxandan sonra ictimaiyyətə açıqlanacaq: "Mövcud siyahı Ədliyyə Nazirliyindən alınıb. Belə ki, hər gün yeni adlar qoyulur və bu yeni adlar Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. Sentyabr ayında siyahı AMEA-nın Dil Komissiyasına baxış üçün veriləcək. Komissiyanın təsdiqindən sonra siyahı Ədliyyə Nazirliyinə qaytarılacaq".Ədliyyə Nazirliyindən Terminologiya Komissiyasına təqdim olunan siyahıya yenidən baxış keçirilib və anlaşılmaz olan, eyni zamanda gülüş doğuran adlar siyahıdan çıxarılıb: "Araşdırmalardan sonra Kəsdim, Vor, Cinayətkar, Şüşəbənd, Stəkan, Xiyarə, Portağal, Limonə, Ansambl və başqa adlar siyahıdan çıxarıldı. Xiyarə adı qərb bölgəsində 4-5 qıza qoyulub. Kövsarə adı nisbətən anlaşıldığı üçün onu siyahıdan çıxarmadıq".Övladına ad qoymağın hər bir vətəndaşın hüququ olduğunu deyən S.Sadıqova hesab edir ki, valideynlər övladlarına ad qoyanda çox diqqətli olmalı və bu işə vicdanla yanaşmalıdırlar: "Valideyn özündə məsuliyyət hiss etməlidir və adların ilk növbədə xalqın kimliyini özündə əks etdirdiyini unutmamalıdır".Son dövrdə türk mənşəli, "Dədə Qorqud" dastanından gələn adların qoyulmasını müsbət hal kimi dəyərləndirən S.Sadıqova bildirib ki, bu, maarifləndirmənin nəticəsidir: "Hazırda valideynlər uşaqlarına "Hacı, Əfəndi" ilə başlayan ikipilləli adlar qoymur. Ancaq bəzi hallarda babada, nənədə varsa, bu cür adların qoyulmasını təkid edirlər".O bildirib ki, siyahıdan kənar adların qoyulması qadağan edilə bilməz, çünki xalqın yaradıcılığı sayəsində adlar sistemi daim inkişaf edir: "Qəti qadağan etməklə deyil, maarifləndirməklə mənası olmayan, gülüş doğuran və iki-üçpilləli adların qoyulmasının qarşısını almaq lazımdır".
Mənbə: ANS PRESS