Qadin.NET / “Qəbələ” jurnalistin ölümü ilə bağlı bəyanat yaydı

“Qəbələ” jurnalistin ölümü ilə bağlı bəyanat yaydı

“Qəbələ” jurnalistin ölümü ilə bağlı bəyanat yaydı
“Qəbələ” İdman Klubu jurnalist Rasim Əliyevin vəfat etməsi ilə bağlı bəyanat yayıb. 
ANS PRESS-inməlumatına görə, bu barədə “Qəbələ” İdman Klubunun rəsmi saytında bildirilib. Bəyanatda deyilir: 
"Jurnalist Rasim Əliyevin vəfat etməsi xəbərini “Qəbələ” İdman Klubunun hər bir üzvü böyük üzüntü ilə qarşılamışdır. Heç kimin kiməsə qarşı zor tətbiq etməyə, kimisə hədələməyə ixtiyarı yoxdur və klubumuz həmişə bu prinsipləri ön planda saxlamışdır. Daim zorakılıq və aqressiyanı pisləyən sosial proyektlərlə cəmiyyətimizdə sülh və barışın, maariflənmənin vacibliyi bildirilmiş, bu istiqamətdə irəliləyişə nail olmaq əsas məqsəd olmuşdur. Klubumuzun uğursuz çıxış etdiyi vaxtlarda belə, mətbuatın tənqidlərinə qarşı dözümlülük göstərilmiş, heç vaxt sərt reaksiya verilməmişdir. Amma dünən baş verən hadisədə futbolçumuz Cavid Hüseynovun adının hallanması bizi çox təəssüfləndirmişdir. Mərhum son müsahibələrində və “Facebook” sosial şəbəkəsindəki statusunda futbolçu ilə telefonla danışdığını, aralarında heç bir problemin qalmadığını bildirsə də, sonradan baş verən hadisələr heç də birmənalı deyil. Ona görə də, tezliklə bu məsələnin hüquq-muhafizə orqanları tərəfindən araşdırılacağına, günahkarların layiqli cəzalarını alacaqlarına inanırıq. Bildiririk ki, Cavid Hüseynov komandamız üçün nə qədər vacib oyunçu olsa belə, bu hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırılmışdır. 
Bir daha mərhuma Allahdan rəhmət, yaxınlarına səbr diləyirik."
Ötən gün xəstəxanaya yerləşdirilən jurnalist Rasim Əliyev orada dünyasını dəyişib. Avqustun 8-də "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü iddia edən jurnalist bu gün səhər saatlarında dünyasını dəyişib. 
Futbolçunun qohumları tərəfindən döyülərək ağır bədən xəsarəti aldığını deyən jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilmişdi. Jurnalistin ölüm xəbərini təsdiqləyən Klinik Tibbi Mərkəzdən bildirilib ki, xəstə daxili qanaxma nəticəsində dünyasını dəyişib.
16 avqust 1984-ci ildə dünyaya gələn Rasim Əliyev Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) keçmiş əməkdaşı idi. Hadisə ilə bağlı Prezidentin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək bildirib ki, Rasim Əliyevin vəfatı ilə bağlı məsələlər Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır.

Mənbə: ANS PRESS

9 avqust 2015
GO BACK