Qadin.NET / Sentyabrdan çörək bahalaşacaq

Sentyabrdan çörək bahalaşacaq

Sentyabrdan çörək bahalaşacaq
Sentyabr ayından etibarən Gürcüstanda çörəyin qiymətinin bahalaşacağı gözlənilir.
ANS PRESS-in Trend-ə istinadən verdiyi xəbərə görə, istehsalçılar bunun səbəbini ölkədə unun qiymətinin yüksəlməsi ilə izah edirlər.
"İpkli" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Şakro Bakuradze təəssüflə bildirib ki, çörəyin indiki qiymətini saxlaya bilmirlər və bunu sentyabr ayına kimi edə bilsəydilər, yaxşı olardı: "Əgər unun qiyməti tənzimlənməsə və indiki qiymətində qalsa, çörəyin qiyməti mütləq qalxacaq. Çörəyin qiyməti 10 tetri yüksələcək. Unun kisəsi iyunun 10-dan 37 laridən 44 lariyə yüksəlib".
Bu arada Gürcüstanın milli valyutası - lari (GEL) son vaxtlar ucuzlaşmaqda davam edir. Gürcüstan Milli Bankının müəyyən etdiyi məzənnəyə əsasən avqustun 8-də 1 ABŞ dolları 2.3058 GEL-ə, 1 avro isə 2.5191 GEL-ə dəyişdirilib. Bu, son altı ayda larinin ucuzlaşdığı ən yuxarı göstəricidir.
Azərbaycan manatı da Gürcüstan valyutası ilə müqayisədə mövqeyini bir qədər möhkəmlədib. Avqustun 8-də 1 AZN 2.2076 GEL-ə dəyişdirilib. Milli valyutanın dəyərini itirməsi ölkədə bəzi məhsulların və istehlak mallarının qiymətinin artmasına səbəb olub. Alkoqollu içkilərin, siqaret və tütün məmulatlarının qiyməti bir qədər artıb.
Ekspertlərin fikrincə, sentyabrdan elektrik enerjisinin, çörəyin qiyməti də artacaq.

Mənbə: ANS PRESS

9 avqust 2015
GO BACK