ANS PRESS-in məlumatına görə, təmsilçimizin qoluna sonuncu dəqiqədə penaltidən Cavid Hüseynov imza atıb. Sözsüz ki, ötən gecəki qarşılaşma "qırmızı-qaralar" üçün elə də asan olmadı. Yerli azarkeşlər Kiprdə təmsilçimizə qarşı təzyiqlərlə yadda qaldı. Bunun fonunda qol vurduqdan sonra Cavidin həmin anı özünəməxsus şəkildə bayram etməsi isə kiprli fanatların narazılığına səbəb oldu. "Apollon"la qarşılaşma barədə müsahibə verən Cavid Hüseynov ötən gecə baş tutan qarşılaşma ilə bağlı sualları cavablandırıb.
- Oyun barədə nə deyə bilərsiniz?
- Çox ağır oyun keçdi. Bizə qarşı yerli azarkeşlərin böyük təzyiqi oldu. Güclü komandaya qarşı oynayırdıq. Bunu əvvəlcədən bilirdik. Belə bir təzyiq altında lazımi nəticəni əldə etdiyimiz üçün sevinirik.
- Razısınızmı ki, komandanız Avropa Liqasında ilk dəfə səfər matçında daha yaxşı təsir bağışlayırdı?
- Bəli. Rəqib komandanın qapısı qarşısında yaratdığımız qol şanslarını nəzərə alsaq, razıyam. Gürcüstanda "Dinamo", Serbiyada isə "Çukariçki" ilə keçirdiyimiz oyunlarla müqayisədə bu dəfə xeyli imkanımız oldu.
- Penalti epizoduna yaxın idiniz?
- Yaxın idim. Təmiz penalti idi. Çünki biz oyundan sonra da videogörüntüləri izlədik. Baş hakimlə qayda pozuntusuna yol verildiyi yer arasında 7-8 metr məsafə var idi. Oyunçumuzun qarşısının necə alındığı da həmin epizodda açıq-aşkar görünür. Yüz yox, milyon faizlik penaltidir. Rəqib futbolçu Stankoviçin boynundan qucaqlayaraq yerə yıxır.
- Elə isə kiprlilər nəyə etiraz edirdilər?
- Penalti ilə cəzalanan komandanın etirazı normaldır. Hər bir komandaya qarşı cəza veriləndə futbolçuları etiraz edirlər. Bu, artıq ənənəvi xarakter daşıyır.
- Bəs topa yaxınlaşdığınız vaxt "Birdən penaltini dəqiq yerinə yetirə bilmərəm" deyə tərəddüd hissi keçirirdiniz?
- Düzü, penaltilər zamanı topa yaxınlaşanda həmişə özümə əmin oluram. Sadəcə, penalti epizoduna qədər, hardasa 15-20 dəqiqə gözüm bayrağımızın yanında qalmışdı. Hansı ki, yerli fanatlar bayrağı yandırmağa nə qədər çalışdılar. Az hissəsini yandırdılar. Sonra da cırıb-dağıtdılar. Bayrağımıza qarşı edilən bu hərəkət məni çox təsirləndirdi. Penaltini dəqiq yerinə yetirdim. Sadəcə, bayrağımızın təhqir olunmasına dözə bilmədim və qoldan sonra bu cür reaksiya verdim.- Hazırda hamı Sizin bu jestinizi müzakirə edir. Qınayanlar da var, təqdir edənlər də. Bir peşəkar futbolçu kimi etdiyiniz hərəkəti necə dəyərləndirirsiniz?
- Peşəkarlığa qalanda, burada iki məna var. Birincisi, gərək bu hərəkəti etməzdim. İkincisi, bu bayraq məhz mənim üçün, bir azərbaycanlı oğlu üçün az əhəmiyyət kəsb etmir. Bizim bayrağımız elə qiymətlidir ki, neçə-neçə oğlanlarımız ondan ötrü hər şeyə gediblər. Elə götürək Ramil Səfərovu... O bayrağa görə ermənini tikə-tikə doğradı. Əgər bayrağımız o cür təhqir olunursa... Hansı hisslər keçirdiyimi anlatmaqda da çətinlik çəkirəm. Elə insanlar var ki, məni başa düşür, elələri də var ki, tənqid edir. Sadəcə, o hissləri sizə izah edə bilmərəm. Bu, mənim öz içimdən gəldi. Dözülməz bir hədd idi. O atmosferi yaşasaydınız, bəlkə də bilərdiniz.
Bəs o hərəkəti bayrağın yandırıldığı tribunaya tərəf etsəydiniz, daha anlaşılan olmazdımı?
- Təbii ki, daha anlaşılan olardı. Amma bu tərəfdə də elə azarkeşlər var idi. O jesti hansı tərəfə göstərməyimin fərqi yox idi. Əsas odur ki, etirazımı gördülər. O anda nə komandanın kapitanı olmağım yadıma düşdü, nə də peşəkar futbolçu olmağım. Keçirdiyim hisslər tam başqa idi. Həqiqətən də böyük təzyiq var idi. Nəinki penalti epizodunadək, hətta oyun başlamamışdan isinmə hərəkətləri yerinə yetirdikdə o təzyiq, bizə qarşı edilən hər bir hərəkət, aqressivlik, təhqir - hər şey var idi. Bəlkə də televiziyada hamısı düşməyib. Amma biz bunları yaşadıq.
- Baş məşqçi və klub rəhbərliyi o hərəkətinə necə reaksiya verdi?
- Əlbəttə, onlar buna yaxşı münasibət göstərə bilməzlər. Amma yenə deyirəm: mənim üçün ilk öncə bayrağımdır, torpağımdır. Bu, qəhrəmanlıq deyil. Xahiş edirəm, bu, qəhrəmanlıq kimi qələmə alınmasın. Sadəcə, içimdən gələn, bayrağımıza qarşı edilən təhqirə jestlə müşayiət olunan əks-reaksiyam idi. Mən 19 yaşadək futbolçulardan ibarət yığmamızda çıxış etdiyim vaxt Kiprdə Ermənistan üzərində 2:1 hesabı ilə qalib gəlmişdik. Həmin oyunda da azarkeşlər dava-dalaş salmışdılar. Bizim qələbəmizi həzm edə bilmirdilər. "Neftçi" 3 il öncə APOEL-lə oynayanda bundan da böyük qalmaqal, təhqirlər olub.- O hadisənin üstündən yarım sutkadan çox vaxt keçib, ehtiraslar soyuyub. Soyuq başla bu hərəkətinizi təhlil etdikdə, içinizdən üzr istəmək keçir?
- Xahiş edirəm, bunu dəqiq yazın: Mən onların özlərindən, azarkeşlərindən yox, sadəcə, öz xalqımdan üzr istəyirəm. Oyunu televiziya vasitəsilə izləyən xalqımız qarşısında belə hərəkət etdiyim üçün üzr istəyirəm. Böyüyümüz-kiçiyimiz var. Bu jesti edəndə bir az əsəbilik oldu. Amma rəqibə qarşı etmişəm. Xalqımdan, hər bir azərbaycanlıdan üzr istəyirəm. Amma kiprlilərin heç birindən üzr istəmirəm. Yüz dəfə də olsa, yüzündə də elə edərəm.
- Bu hərəkətinizə görə UEFA tərəfindən diskvalifikasiya olunsanız və yoxluğunuzda "Qəbələ" mərhələ keçə bilməsə, məsuliyyət kimin boynuna düşəcək?
- Mərhələ keçə bilməsək, həqiqətən də çox pis olaram. Amma inşallah, mərhələni biz keçəcəyik. Bakıdakı oyuna da qələbə əzmi ilə çıxacağıq. Azarkeşlərimizin də böyük dəstəyinə ehtiyacımız var.
Mənbə: ANS PRESS