Qadin.NET / Heç kəs cəzasız qalmayacaq

Heç kəs cəzasız qalmayacaq

Heç kəs cəzasız qalmayacaq
“Ötən 24 saat xəbərlər sübut etdi ki, bəzi media quruluşlarının rəhbərləri öz işçilərinə nəzarət edib, onların düşmənlərin xeyrinə dezinformasiyalar yaymasının qarşısını ala bilmirlər”. 
Bu barədə ANS PRESS-ə hərbi ekspert Üzeyir Cəfərov bəzi elektron KİV-lərin guya Azərbaycan - Ermənistan sərhədinin qərb istiqamətində intensiv döyüşlər getməsi barədə yaydıqları dezinformasiyaları şərh edərkən bildirib. 
“Ötən ilin avqust ayında olduğu kimi bu ildə mətbuat orqanları ermənilərin xeyrinə deszinformasiyaları yaydılar. Erməni KİV-ləri onların yazdıqlarına istinad edərək Azərbaycan əleyhinə bol-bol materiallar verdilər. Belə saytlar istər-istəməz düşmənin dəyirmanına su tökdülər. Halbuki, bu KİV-lərin əksəriyyətinin rəhbərləri ötən ilin avqust hadisələrindən sonra söz vermişdilər ki, Müdafiə Nazirliyinin təsdiqləmədiyi heç bir xəbəri verməyəcəklər. Dezinformasiya yayan saytlar cəzalandırılmalıdır. Görəsən, Mətbuat Şurası, Milli Tele-Radio Şurası hara baxır?” - deyə Üzeyir Cəfərov vurğulayıb. Hərbi ekspert dediklərində haqlıdır. Son günlər bəzi KİV-lər guya 40 nəfər Azərbaycan hərbi qulluqçusunun mühasirəyə düşməsi, bir neçə saatlıq atışmadan sonra mühasirədən çıxmağa nail olması və 8 nəfər hərbçimizin yaralanması barədə xəbərlər yaymağa başlamışdı. Daha sonra Müdafiə Nazirliyi çıxış edərək yazılanların yalan və təxribat xarakterli məlumatlar olduğunu bildirdi. Bəzi saytlar isə guya aparıcı qərb dövlətlərinin Azərbaycana öz ərazi bütövlüyünü təmin etmək üçün müharibəyə başlamağı qadağan etdiyini iddia edirdilər. Yaxud hansısa saytlar Rusiyanın hansısa önəmli hərbçisinin Ermənistana səfəri, həmin rus generalın Krımı bir göz qırpımında alması, indi də Ermənistan-Azərbaycan toqquşmasını müzakirə etməsi barədə xəbərlər yayırdılar. Bəzi saytlar isə Azərbaycanın hərbi texnikasının hərəkətini çəkib düşmənə göstərirdilər. Bütün bunlar milli əhval-ruhiyyəyə pozucu təsir edirdi. “Allaha şükür ki, indi sakitlikdir. Əgər intensiv döyüşlər getsə, necə olacaq? Belə KİV-lər əhalini böyük xaosa sürükləyə bilərlər”,- deyə Üzeyir Cəfərov vurğulayır. 
Hərbi ekspert erməni KİV-lərində fərqli mənzərə olduğunu söyləyir: “Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovanisyan gecənin ortalarına qədər sosial şəbəkələrdə oturur və yayılan hər bir xəbəri öz mövqelərinə uyğun şərh edir. Erməni KİV-ləri də yalnız bu mövqeni dərc etdirdilər”. 
Üzeyir Cəfərov Azərbaycan Müdafiə Nazirliyinin də növbətçi sistem keçməsini vacib sayır: “Nazirliyin mətbuat xidmətinin işçiləri növbətçi sistemlə sutka ərzində yayılan xəbərləri şərhş etməlidirlər. Bu, dezinformasiyaların qarşısını ciddi şəkildə alar”. 
Bütün bunlar öz yerində. Amma dövlət sirrini yayan mətbuat işçiləri də öz məsuliyyətlərini dərk etməlidirdlər. Axı keçən ilin avqust hadisələrindən sonra ölkə başçısı İlham Əliyev 24 sentyabr 2014-ci il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında”sərəncamda Müdafiə Nazirliyinə tapşırıb: “Kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə cəbhəboyu zonadakı vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqini təmin etsin və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən məlumatları yayan şəxsləri müəyyən edib onların qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunmasını təşkil etsin”. 
Yəni cənablar, istər saytda yazın, istər sosial şəbəkədə - dövlət sirrini yayan hər kəs cəzasını alacaq. 
Elə dövlət başçısının 24 sentyabr 2014-cü il tarixli sərəncamını yerinə yetirməyən dövlət qurumları da cəzasını almalıdır. Sərəncama görə, Nazirlər Kabineti dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyətin gücləndirilməsinə dair təkliflər hazırlamalı idi. Həmçinin jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin razılaşdırılması qaydasını müəyyən etməli idi. Göründüyü kimi, ortada heç nə yoxdur.

Mənbə: ANS PRESS

26 iyul 2015
GO BACK