Qadin.NET / Zakir Həsənovdan tapşırıq: Dərhal zərbə endirilsin

Zakir Həsənovdan tapşırıq: Dərhal zərbə endirilsin

Zakir Həsənovdan tapşırıq: Dərhal zərbə endirilsin
Müdafiə Nazirliyi son günlər Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın cəbhəboyu yerləşən yaşayış məntəqələrinin atəşə tutulması və atəşkəs rejiminin pozulması hallarının çoxalmasına münasibət bildirib. 
Müdafiə Nazirliyindən ANS PRESS-in sorğusuna cavab olaraq bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov yaşayış məntəqələrimizin ermənilər tərəfindən atəşə tutulması halında atıcı silahların əhatə dairəsindən uzaq olan düşmən mövqelərinə, erməni əhalisinin sıx yerləşdiyi yaşayış məntəqələrinə və oradakı hərbi obyektlərə Azərbaycan ordusunun sərəncamındakı iriçaplı silahlardan dərhal zərbə endirilməsi barədə xüsusi tapşırıq verib.Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi təlimləri izləyib. 
Müdafiə Nazirliyi bildirir ki, təkcə bu gün erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı silahlardan da istafadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 83 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Vazaşen, Berkaber, Noyemberyan rayonunun Şavarşavan, Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı, Fərəhli, Kəmərli kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Şıxlar, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Prezident İlham Əliyev də ötən gün Nazirlər Kabinetinin iclasında Dağlıq Qarabağməsələsinə toxunub. 
O, deyib ki, xarici maliyyə, hərbi və siyasi dəstək hesabına Ermənistan hələ ki, bizim torpaqlarımızı işğal altında saxlayır. "Mən bu auditoriyada bir dəfə demişəm ki, bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil. Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, anti-Azərbaycan qüvvələrdir. Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Bir həftə ərzində orada daş daş üstündə qalmaz. Bu da reallıqdır və yenə də deyirəm, biz real dünyada yaşayırıq, öz tədbirlərimizi görürük və gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük".

Mənbə: ANS PRESS

14 iyul 2015
GO BACK