Qadin.NET / Ucuz evlər bahalaşacaq

Ucuz evlər bahalaşacaq

 

Ucuz evlər bahalaşacaq

Dünən Nazirlər Kabinetinin 2015-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında ölkə prezidenti dövlət büdcəsində ipoteka kreditləşməsinə ayrılan vəsaitin 200 milyon manata çatdırılması ilə bağlı anons verdi. Bu anonsun mənzil bazarına təsiri nəcə olacaq? 

ANS PRESS-in bu sualını cavablandıran “Value and Sources” konsaltinq şirkətinin nümayəndəsi Rəşad Əliyev hesab edir ki, hazırda mövcud olan dövlət ipoteka proqramı ilə yalnız təkrar bazardan ev əldə etmək olur. Mütəxəssisin fikrincə, dövlətin nəzarəti altında həyata keçirilən bu proqram sosialyönümlüdür və məqsədi ev almaq üçün maddi imkanı az olan ailələrə kömək etməkdir:"Uzun müddət aparılan müzakirə predmetlərindən biri də bu cür kreditləşmənin iqtisadi səmərəsinin azlığıdır. Belə ki, kredit vəsaitləri az olduğundan həmişə bazarda ucuz mənzillərin alınmasına yönəlib. Nəticədə bazarda həmin mənzillərə tələbatı artırmaqla qiymətlərin yuxarı həddə qalmasına səbəb olub. İpoteka proqramının ilkin bazara yönəldilməsi (mənzillərin birbaşa tikinti şirkətlərindən alınmasına) tikinti sektorunun artımına səbəb olacaq. Hazırki dövrdə isə bu sektora dəstək ola bilər. Belə olan halda ipoteka proqramı üzrə ayrılan pullar iqtisadiyyatın real sektoruna yönəldiləcək. Real sektor isə sement və armatur istehsalçısından tikinti şirkətinə kimi gedən yoldu. Bu, iş yerləri, vergi ödəmələri və iqtisadi inkişaf deməkdir. Bu, həm də qeyri-neft sektorunun inkişafı deməkdir".
R.Əliyev hesab edir ki, dövlət tərəfindən ipoteka proqramı çərçivəsində ilkin bazara, yəni, yeni tikililərin alınmasına yönəldilən vəsaitlərin ən azı 20%-i dövlət büdcəsinə vergi ödəmələri şəklində qayıdacaq:
"Ölkə prezidenti çıxışında tikinti sektorunu canlandırmaq üçün büdcə vəsaitlərinin təkrar bazarla yanaşı ilkin bazara da yönəldilməsinin vacibliyini qeyd edib. Prezidentin çıxışından belə qənaətə gəlmək olar ki, dövlət tikinti sektorunun inkişafında maraqlıdır və vəsaitlərin ilkin bazara yönəldilməsini daha məqsədəuyğun hesab edir. Qısa müddətdə bu, tam mümkün deyil, tikinti sektoru hazırlıq vəziyyətinə gətirilməlidir. Odur ki, hələlik təkrar bazarın imkanlarından istifadə edilməsi qaçılmazdır. Ancaq burda uzunmüddətli perspektivdə yeni tikililərə üstünlük veriləcəyi haqda siqnal da var. İndi təklif edilir ki, kreditlər həm təkrar, həm də ilkin bazara yönəldilsin. 200 milyon manatın hamısını qısa zamanda təkrar bazara yönəldilməsi ucuz mənzillərin qiymətlərini kəskin bahalaşdıra bilər. Bu vəsait orta hesabla 5000 mənzilin alınmasını (ilkin ödəniş alıcı tərəfindən ödənilir və kredit məbləği orta hesabla 40 min manat olsa) maliyyələşdirmək olar. Belə olan halda ev almaq istəyənlərin yox, məhz ev satmaq istəyənlərin “bayramı” olacaq. Buna görə də ən çətin məsələ təkrar bazara yönəldiləcək vəsaitin həcminin müəyyənləşdirilməsi olacaq. Vəsaitlərin coğrafi bölgüsü düzgün aparılsa (paytaxt və regionlar üzrə) qiymətlərə təsiri minimuma endirmək olar. Bunun üçün ayrılan vəsaitin ən çoxu 50%-i (üçdə biri daha məqsədəuyğundur) təkrar bazara yönəldilməlidir və uzun zaman çərçivəsində olmalıdır. Ancaq kredit vəsaitlərinin ayrılması ilə məsələ bitmir. İlkin ödəniş, əmək haqqının səviyyəsi, faiz kimi məsələlər də öz həllini tapmasa kredit vəsaitlərinin yerləşdirilməsində çətinliklər ola bilər". Mütəxəssisin sözlərinə görə, bazarda son zamanlar mövcud durğunluğu çoxları neftin ucuzlaşması (bu isə öz növbəsində iqtisadiyyata təsir edib) ilə əlaqələndirir. Bəli, neftin qiymətinin düşməsinin təsiri olub, ancaq bu təsir artıq qiymətlərdə çoxdan öz əksini tapıb: "Hazırda bazara mənfi təsir edən amil daşınmaz əmlak bazarına yönələ bilən pul vəsaitlərinin həcminin məhdudlaşmasıdır. Məhz bu səbəbdən devalvasiyadan sonra daşınmaz əmlak bazarında qiymət artımı son nəticədə baş tutmadı (qiymətlər qalxdı sonra endi). Son günlər MB tərəfindən iqtisadiyyatın stimullaşdırılması addımlarının atılması haqda anons verilir. Stimullaşdırma üçünsə pul kütləsinin artımı, müəyyən həddə inflyasiya və ucuz kreditlər tələb olunur. Üstəgəl dövlət ipoteka kreditləşməsinin və bankların kommersiya ipoteka proqramlarını bərpası mənzil bazarında aktivliyə təsir göstərə bilər. Dollar əmanətləri üzrə faizlərin aşağı düşməsi də daşınmaz əmlakın cəlbediciliyinin artması baxımından bazara müsbət impuls verə bilər. Sadaladığımız amillər reallaşsa qiymətlər ən pis halda sabitləşəcək, normalda isə müəyyən artım nümayiş etdirəcək".
Rəşad Əliyevin fikrincə, “200 milyonluq” anonsun bazarda müvəqqəti spekulyasiyalar yaratması istisna edilmir. "Daşınmaz əmlak bazarının dövrüyyəsi milyardlarla ölçülür və bu bazarın bütün seqmentlərinə təsir edə bilməz. Təsir ancaq ucuz mənzillər seqmentinə ola bilər. Ancaq hər şey kreditlərin yerləşdirilməsi formasından asılı olacaq. Sözsüz ki, vəsaitlər düşünülmüş şəkildə yerləşdirilməsə müvəqqəti tələb ajiotajı yaranacaq və nəticədə daha çox “satıcılar” udacaq", - deyə mütəxəssis əlavə edib.

 

Mənbə: ANS PRESS

14 iyul 2015
GO BACK