Qadin.NET / Əlillərin pensiyası ilə bağlı yenilik

Əlillərin pensiyası ilə bağlı yenilik

Əlillərin pensiyası ilə bağlı yenilik
“Bir neçə gün əvvəl dövlət tərəfindən mənə verilən aylıq pensiyanı almaq üçün bankomanta getdim. Pulu çıxarmaq istəsəm də kartımın işləmədiyini gördüm. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Sumqayıt şəhər şöbəsinə müraciət etdim. Mənə dedilər ki, kartlar dəyişdiyi üçün bu aylıq müavinətlər olmayacaq. Pula çox ehtiyacım var. İndi bilmirəm nə edim”.
Bu sözləri ANS PRESS -in “qaynar xətt”inə müraciət edən Sumqayıt şəhər sakini gözdən əlil Fariz Hüseynov deyib. Onun sözlərinə görə, bircə gəlir yeri aylıq müavinəti olduğu üçün Ramazan Bayramında necə alış-veriş edəcəyini bilmir.
Problemlə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev yaranmış problemin səbəblərini izah edib: “Sosial müavinət və təqaüdlərin bankomatlar vasitəsilə ödənilməsi bu vaxta qədər "Kapital Bank" ASC və Azərbaycan Beynəlxalq Bankı tərəfindən həyata keçirilib. Nazirliyin keçirdiyi tenderin nəticələrinə uyğun olaraq, iyul ayının əvvəlindən etibarən bütün sosial müavinət və təqaüdlərin verilməsi tenderdə qalib gəlmiş "Kapital Bank"a həvalə olunub". 
Qurum rəsmisi bildirdi ki, pensiyalarını Azərbaycan Beynəlxalq Bankının bankomatlarından alan vətandaşlar, kartlarında qalan pulları yaşadıqları rayon və ya şəhər üzrə adıçəkilən bankın filiallarına müraciət etməklə nəğd formada ala bilərlər.
“İyulun 20-dən gec olmayaraq plastik ödəniş kartları hazır olacaq. Vətəndaşlar yeni plastik kartı əldə etmək üçün isə "Kapital Bank"ın rayon (şəhər) filiallarına müraciət etməlidirlər.” -deyə Elman Babayev əlavə edib.
Elman Babayev-Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri 
Onun sözlərinə görə, vətəndaşlar plastik kartlarının dəyişdirilməsi və ya onlara məxsus qalıq vəsaitlərinin Azərbaycan Beynəlxalq Bankından alınması prosesində hər hansı çətinliklə üzləşdikdə qeydiyyatda olduqları rayon və ya şəhərin ƏSMM-lərinə müraciət edə bilərlər
Mənbə: ANS PRESS
13 iyul 2015
GO BACK