“Seçkidən sonra Türkiyədə hər şey hüquq çərçivəsində aparılır. Əvvəl and içmə, sonra parlament spikerinin seçilməsi, məclis administrasiyasının yaradılması. Məclis administrasiyası yaradıldıqdan sonra cənab prezident böyük ehtimalla bu həftə birinci partiyanın sədrinə, cənab baş nazirə hökuməti qurmaq vəzifəsini verəcək.”
Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş
Numan Kurtulmuş çıxışında vaxtından əvvəl parlament seçkisi keçiriləcəyini də istisna etməyib:
“Hər şey leqaldır və hamısı da vaxtında olur. Əvvəl məclis administrasiyası yaradılacaq və bundan sonra 45 günlük proses başlayacaq. İnşallah hökumət qurular. Əgər qurumasa yenidən seçki keçiriləcək. Seçkinin birinci partiyası AKP-dir və Türkiyəni hökumətsiz qoymamaq öhdəliyi də AKP-dədir. Nə olursa-olsun, hökumətin içində olaq. Dərdimiz kreslo deyil. Əsas olan Türkiyənin hansı istiqamətə gedəcəyidir. İnşallah əksəriyyətin razı qalacağı bir hökumət qurular”.
Xatırladaq ki, iyunun 7-də Türkiyədə parlament seçkisi keçirilib. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olub. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olduğundan hazırda ölkədə koalisiya hökuməti qurulması barədə qızğın müzakirələr gedir.
Mənbə: ANS PRESS