Qadin.NET / Tiflisdə Azərbaycan bayrağını təhqir edənlər cəzalanacaq

Tiflisdə Azərbaycan bayrağını təhqir edənlər cəzalanacaq

 

 

"Avropanın Liqasında I təsnifat mərhələsində "Qəbələ" (Azərbaycan) - "Dinamo" Tiflis (Gürcüstan) klubları arasındakı qarşılaşmadan sonra baş verən hadisə araşdırılacaq". 
ANS PRESS-in məlumatına görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinə tapşırıq verib. Baş nazir bildirib ki, Azərbaycanla və onun xalqıyla strateji münasibətlər ölkəsi üçün çox əhəmiyyətlidir: 
"Gürcü hökumətinin rəhbəri kimi qəti sürətdə bildirirəm ki, dövlət heç kəsə dost Azərbaycanla bizim münasibətlərimizə belə fitnəkar hiylələrlə kölgə salmağa icazə verməyəcək", - deyə o, söyləyib. 
İrakli Qaribaşvili Daxili İşlər Nazirliyindən qanun tələb olunan tədbirlərin görülməsini tələb edib. 
İyulun 2-si Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tiflisdə baş tutan "Dinamo-Qəbələ" oyunu zamanı insident yaşanıb. Yerli fanatlar Bakıdan matçı izləmək üçün Tiflisə gedən “Qəbələ” azarkeşlərinə hücum edib. Bunu saytımıza hücuma məruz qalan “Sector 11” fan klubunun rəhbəri Atanur Cəfərli təstiqləyib. Onun sözlərinə görə, stadiona giriş zamanı gürcü fanatlar onlara hücum edib: "Stadionun qarşısında bizə hücum etdilər. 4 nəfər idik, onlar isə çox idi. Nə baş verdiyini anlamadıq. Qarşıdurma baş verib. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb".

 

 

Hadisədən sonra Tiflis "Dinamo"su "Qəbələ" ilə oyunda Azərbaycan bayrağının təhqir olunması ilə bağlı rəsmi açıqlama yayıb. Gürcüstan klubu bununla bağlı rəsmi saytında gürcü və Azərbaycan dillərində açıqlama yerləşdirib: "İlk növbədə qeyd etmək istəyirik ki, klub tam şəkildə dünən baş verən hadisədən peşmançılıq hissi keçirir və bu hadisə ilə razılaşmadığını bildirir. Dünənki hadisə zamanı fiziki təzyiq və daha sonra Gürcüstanın dostu olan ölkənin dövlət simvolunun təhqirinə yol verilib.

Hadisə oyundan sonra "Dinamo Arena"dan kənarda baş verib. "Dinamo" təşkilatçi kimi, bu fakt üzrə cavabdehliyi öz üzərinə götürə bilməz. Stadionda açılan banerə gəlincə, stadionun təhlükəsizlik xidməti operativ tədbirlər görüb və baner tribunadan uzaqlaşdırılıb.

Qeyd etmək istəyirik ki, oyunun rəsmi proqramında dəfələrlə qeyd etmişdik ki, "Dinamo" tarixində Azərbaycan futbolunun böyük yeri var və qonşu ölkənin komandası ilə rəqabət bizim üçün böyük şərəfdi. Ümid edirik ki, oxşar hadisələr iki dost ölkənin münasibətlərinə və onların idman keçmişinə, hazırki dövrünə və gələcəyinə maniəçilik törətməyəcək", - deyə açıqlamada qeyd edilir.
2014-cü iyulun 31-i Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda - “Bakcell Arena" stadionunda keçirilən “Neftçi” – “Çixura” (Gürcüstan) oyununda da buna bənzər insident yaşanmışdı. Əvvəlcə tribunada qonaq klubun azarkeşləri Zaqatala və Qax rayonlarını Gürcüstan ərazisi kimi təsvir edən pankart qaldırılmışdılar. Daha sonra stadion çıxışında da münaqişə davam edib.
Hətta Gürcüstan xarici işlər naziri Maya Pandjikidze “Neftçi” və “Çixura” oyununda baş verən insidentlə bağlı bəyanat vermişdi. O, bu insidentin iki ölkə arasındakı dostluq əlaqələrini korlamağa çalışan təxribatçılar tərəfindən təşkil edildiyini bildirmişdi.

 

 

Mənbə: ANS PRESS

4 iyul 2015
GO BACK