Türkiyədə koalisiya hesabları pozuldu
Türkiyədə AKP namizədinin (İsmət Yılmaz) parlamentin spikeri seçilməsi Ankara kulvarlarında bir çox suala səbəb olub. ANS PRESS-in məlumatına görə, bu vəziyyət indiyə qədər olan koalisiyalardakı qeyri-rəsmi konvensiyanı da pozub. Belə ki, indiyə qədər Türkiyədə qurulan koalisiyalarda parlament spikerliyinin ikinci ortağa verilmə ənənəsi vardı.Bundan sonrakı mərhələdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox səs toplamış partiyanın liderinə hökuməti qurmaq vəzifəsini verməsi gözlənilir. Ərdoğanın iyulun 7-də bu vəzifəni ən çox səs toplamış partiyanın lideri kimi Əhməd Davudoğluna verməsi gözlənilir. Bundan sonra Davudoğlu koalisiya fəaliyyətləri üçün digər partiyaların sədrləri ilə görüşlərə başlayacaq. Partiyaların spikerlik seçkisində kompromisə gələ bilməməsi, CHP-nin 14 maddəlik “qırmızı xətti”, MHP-nin irəli sürdüyü 3 əsas şərt, MHP ilə HDP-nin eyni tavan altında birləşməmə ehtimalı ilə ölkə prezidentinin azlıq hökumətinə məsafəli olması Ankarada vaxtından əvvəl parlament seçkisinin xəbərçisi kimi qəbul olunur. CHP lideri Kamal Kılıçdaroğlunun “revanşçı olmayacağıq” kimi yanaşma tərzi və Dəniz Baykalın spikerliyə namizəd göstərilməsi AKP ilə CHP arasında koalisiya ehtimalını çoxaltmışdı. Amma çərşənbə axşamı günü Kılıçdaroğlunun qrup iclasında AKP-nin ünvanına kəskin bəyanatlar səsləndirməsi və spiker seçkisi zamanı AKP-nin ikinci partiya kimi CHP namizədinə səs verməməsi koalisiya ehtimalını indilik dayandırıb.
Mənbə: ANS PRESS
2 iyul 2015
GO BACK