[center][/center]İlk Avropa Oyunlarında qızıl medal qazan idmançılarımız həm də ötən gün ölkə başçısı tərəfindən xüsusi mükafatlara da layiq görüldülər. İdmançılarımız arasında prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunan ən gənc idmançımız Ayxan Tağızadə adlı taekvandoçumuz oldu.
19 yaşlı “Şöhrət” ordenli qızıl medalçımız, məşqlərini davam etdirir, həm də yorulmadan. Onu məşqdən bir neçə dəqiqəlik ayırıb müsahibə alan zaman da, Ayxanın gözü həmkarlarının məşq hərəkətlərindəydi. Ayxan səmimiyyətlə dedi ki, qazandığı uğurlar heç vaxt onun başını gicəlləndirməyəcək:
“Əlbəttə ki, biz idmançılarda arxayınlıq yaranmayacaq. Çalışırıq ki, çempion olandan sonra da bu zirvəni qoruyub saxlayaq. Bu yarışa düz 6 ay ərzində dayanmadan məşq edərək hazırlaşdıq. Bu müddət ərzində burada qalıb məşq edirdik, yalnız bazar günləri evə gedirdik”.
Taekvando üzrə yığma komandanın böyük məşqçisi Elnur Amanov isə tələbəsinin uğur qazanacağına ilk gündən inandığını söylədi. Yetirməsinin bu uğurunun davamını isə hazırda ciddi məşqlər apardıqları 2016-cı ildə Rio-de-Janeyrada keçiriləcək Olimpiya oyunlarından da gözlədiyini açıqladı:
“Ayxan məsuliyyətli idmançıdır. Biz həftənin 6 günü məşq edirdik. Gün ərzində bir-iki dəfə məşq edirdik. Biz bununla bağlı qeydlər aparırdıq. Bu müddətə qədər bir dəfə də olsun Ayxan bir məşqi belə buraxmamışdı. Sonda da bu öz nəticəsini verdi - Ayxan çempion oldu və bizi də sevindirdi”.
Çempionumuzun ilk müəllimi, həm də elə atası Əvəz Tağıyevlə müsahibə zamanı məlum oldu ki, oğlu bu idman növü ilə onun təkidiylə məşğul olub. Nəticədə isə uğurlara imza atıb.
Məşqçi Əvəz Tağıyev: "Bir müəllim, bir ata kimi ona imkan vermərəm ki, idmandan uzaqlaşsın, Ayxan çox səmimi oğlandır, bu cür idmançıların gələcəyi parlaq olur".
Həm ata, həm də bir müəllim kimi oğlu ilə fəxr edən Əvəz müəllim Ayxanın qardaşının da bu idman növü üzrə hazırda məşqçi kimi fəaliyyət göstərdiyini də dedi. Həm ataya, həm də Ayxana - ümumiyyətlə bütün idmançılara yarışlarda yüksək ruh verən isə ölkə başçısının ailsilə birlikdə tamaşaçılar arasında olmasıydı. Bu məsuliyyət və bir az da həyəcan deməkdir. Ayxan Tağızadə isə bütün bunları gözə alaraq, həm olimpiya çempionu oldu, həm də ən gənc “Şöhrət” ordeni aldı.
Mənbə: ANS PRESS