Qadin.NET / "Mehriban Əliyeva canını qoyub"

"Mehriban Əliyeva canını qoyub"

"Mehriban Əliyeva canını qoyub"
"Mehriban Əliyeva Avropa Oyunlarının bu səviyyədə keçirilməsinə canını qoyub". 
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qalib idmançılar, məşqçilər, idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşündə deyib. 
O, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirib. Prezidentin sözlərinə görə, o bu oyunların keçirilməsinə çox böyük töhfə verib. 
"Mən Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə bu Komitə ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq və ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var idi və var. Bu, ümumiyyətlə ölkəmizin əldə etdiyi uğurların əsas şərtidir. Bəzən məndən soruşurlar ki, Azərbaycan sürətlə inkişaf edir, - baxmayaraq bölgədə, dünyada, bizim qitədə yaşanan proseslər o qədər də ürəkaçan deyil, - nədir bunun sirri?
Bu barədə çox danışmaq olar. Ancaq mən hesab edirəm əsas məsələ ondan ibarətdir ki, biz dövlətimizi, xalqımızı hər şeydən çox sevirik. Bu məhəbbət, bu vətənpərvərlik, bu peşəkarlıq və işimizə sədaqət əlbəttə, imkan verir ki, Azərbaycan sürətlə inkişaf etsin və bizim gələcəkdə də çox böyük qələbələrimiz olacaq".
İ.Əliyev qeyd edib ki, cəmi 24 il ərzində Azərbaycan elə zirvələrə qalxıb ki, bəzi ölkələrə bu səviyyəyə qalxmaq üçün bəlkə yüzilliklər lazımdır. Bu Oyunlar sadəcə olaraq imkan verdi ki, bu potensialı dünyaya, Avropaya, eləcə də öz ictimaiyyətimizə nümayiş etdirək. 
"Bizi istəməyən qüvvələr bəzi hallarda bunu bizə irad tuturdular ki, Azərbaycan Oyunları keçirməklə özünü göstərmək istəyir. Bu, təbiidir. Əlbəttə, hər bir ölkə özünü göstərmək istəyir. İnkişaf etmiş ölkələr, hansılar ki, dəfələrlə bu səviyyəli tədbirləri keçirib. Onlar da özlərini göstərmək istəyiblər. Yəni, burada heç bir qəbahət yoxdur". 
Dövlət başçısı qeyd edib ki, bəlkə heç kim Azərbaycan ikinci yer olacağına inanmayıb. Bu, tarixi qələbədir. Lakin bu, Azərbaycan idmanının, Azərbaycan dövlətinin qələbəsidir. "Əziz idmançılar, mən sizi öpürəm, bağrıma basıram. Sağ olun".
Mərasimdə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə sərəncam da oxunub. 

Mənbə: ANS PRESS

30 iyun 2015
GO BACK