Qadin.NET / "Oyunlar zolağı" qadağası nə vaxt bitir?

"Oyunlar zolağı" qadağası nə vaxt bitir?

"Oyunlar zolağı" qadağası nə vaxt bitir?
"Bakıda salınan “Oyunlar zolağı” nə qədər var, onun üzərilə hərəkət etmək məhdudiyyəti bir o qədər qüvvədədir". Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, hələlik həmin zolaqların yollardan silinməsilə bağlı heç bir məlumat yoxdur.
"Sürücülər bilməlidirlər ki, "Oyun zolağı"nın üzərilə hərəkət etmək olmaz. Bu məhdudiyyət zolaqlar silinə qədər qüvvədədir. Lakin həmin zolaqların nə zaman silinəcəyi barədə hələlik heç bir məlumat yoxdur", - deyə K.Əliyev bildirib.
Qurum rəsmisi onu da vurğulayıb ki, hələlik rayon qeydiyyatlı avtomobillərin paytaxt ərazisinə girişilə bağlı qoyulan məhdudiyyətlər də aradan qaldırılmayıb. Yol polisi bu məhdudiyyətin də nə zaman qaldırılacağı ilə bağlı dəqiq bir məlumat olmadığını qeyd edib.
"Hazırda rayon qeydiyyatlı avtomobillərin Bakıya girişi qadağandr. Əvvəldən demişdik ki, qadağa mayın 29-dan iyulun birinə qədər qüvvədə olacaq. Lakin həmin qadağanın iyulun birində götürüləcəyi barədə dəqiq nəsə deyə bilmərəm. Qadağa götürüləndə bu kütləvi informaiya vasitələrilə vətəndaşlara elan olunacaq", - deyə Kamran Əliyev bildirib.
Qeyd edək ki, may ayının 29-dan başlayaraq Bakının bir çox küçə və prospektlərində I Avropa Oyunlarının keçiriləməsilə əlaqədar olaraq "Oyun zolağı" salınmağa başlayıb. Qərara görə, həmin zolaqlarla yalnız xüsusi icazəsi olan avtomobillər hərəkət edə bilər. Həmin zolağa çıxan digər avtomobil sürücüləri 40 manat cərimə olunub. 
May ayının 29-dan etibarən rayon qeydiyyatlı avtomobillərin Bakıya girişi qadağan edilib. Bölgələrdən gələn maşınların saxlanması üçün Bakının iki girişində xüsusi pulsuz dayanacaqlar salınmışdı. 
Avropa Oyunlarının açılış mərasimi iyun ayının 12-də olub. 17 gün davam edən və 6 min idmançının qatıldığı yarışlar ötən gün bitib. 

Mənbə: ANS PRESS

29 iyun 2015
GO BACK