Qadin.NET / Zakir Həsənovdan ermənilərə xəbərdarlıq

Zakir Həsənovdan ermənilərə xəbərdarlıq

 

Zakir Həsənovdan ermənilərə xəbərdarlıq

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə bu gün təntənəli mərasim keçirilib. Mərasim açıq elan edildikdən sonra Azərbaycanın dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.ANS PRESS-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümünə həsr edilmiş təbrik nitqilə çıxış edib, Silahlı Qüvvələrin şəxsi heyətinə xidmətlərində uğurlar arzulayıb.
Nazir Z.Həsənov çıxışında bildirib:
"Sizi Silahlı Qüvvələrin 97-ci ildönümü münasibətilə təbrik edirəm, xidmətlərinizdə uğurlar arzulayıram. Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Silahlı Qüvvələr bu gün Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlər üzrə uğurla inkişaf edir.
İl ərzində Silahlı Qüvvələrdə modernizasiya məsələləri, döyüş hazırlığı, sosial bazanın gücləndirilməsi istiqamətində böyük işlər həyata keçirilib. Mütəmadi olaraq döyüş atışlı təlimlərin icra edilməsi bir daha döyüş hazırlığının yüksək səviyyədə olmasının sübutudur. Bütün fəaliyyətlər birbaşa Silahlı Qüvvələrin Ali Baş Komandanının diqqət və qayğısının nəticəsidir.
Ötən gün Möhtərəm Prezident Hərbi Dəniz Qüvvələrinin yeni bazasının açılışını həyata keçirdi. Şəxsi heyətin qarşısında çıxış edərək Ali Baş Komandan Silahlı Qüvvələrin xidməti döyüş fəaliyyətinə yüksək qiymət verdi, ordu qarşısında qəti vəzifələr qoydu. O, qeyd etdi ki, Silahlı Qüvvələrin qarşısında duran əsas vəzifə, torpaqları işğaldan azad etməyə daim hazır olmaqdır.
Azərbaycan dövlətinin sülhsevər siyasəti nəticə vermir, çünki erməni tərəfi beynəlxalq səviyyədə qəbul edilən qərar və qətnamələrin tələblərini yerinə yetirmir. Cənab Prezident xüsusi qeyd etdi ki, əgər erməni əsgəri ölmək istəmirsə Füzuliyə, Ağdama gəlməsin.Silahlı Qüvvələrin 2014-cü və 2015-ci illərdəki fəaliyyətinə nəzər yetirsək görərik ki, cəbhədə ermənilərin təxribatına layiqli cavab verilib və bundan sonra da bütün təxribatların qarşısı inamla alınacaqdır.
Cəbhəboyu təşəbbüs tam olaraq Silahlı Qüvvələrimizin tərəfindədir və günü-gündən möhkəmlənən ordu müqəddəs vəzifəni qısa bir müddətdə yerinə yetirəcəkdir.
Bu bayram günündə mən bir daha şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, hazırda düşmənlə təmas xəttində, döyüş növbətçiliyində, qarovul xidmətində olan şəxsi heyəti təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və uğurlar arzulayıram.
Bütün Silahlı Qüvvələri və Azərbaycan xalqını qələbə arzusu ilə təbrik edirəm".
Sonra bayram münasibətilə müdafiə naziri adından qonaqlara ziyafət verilib. Tədbir Xalq artisti Azərinin və Müdafiə Nazirliyinin Nümunəvi hərbi orkestrinin təqdim etdiyi bayram konserti ilə yekunlaşıb.

 

Mənbə: ANS PRESS

28 iyun 2015
GO BACK