Dil insanlarla, din Allahla ünsiyyət vasitəsidir. Hamı müxtəlif dinlərdə danışsa da, Allahın qəbul etmək yolu birdir və bu yol da yalnız onun özünə bəllidir. Məşhur siyasətçi, Türkiyənin görkəmli dövlət adamı, daha çox baba kimi tanıdığımız Süleyman Dəmirəl 91-illik uzun və incə bir yolu başa vurdu.
Bizim yadımızda bu adam çox şeylə qalıb. İlk baxışdan iki sadə məqamla. Birincisi, şlyapasını özünəməxsus tərzdə çıxarıb izdihamı salamlamasıydı, ikincisi “dostum və kardeşim” ifadəsi idi ki, bu iki söz təkcə Əliyev - Dəmirəl münasibətlərini yox, elə Türkiyə və Azərbaycan əlaqələrini də əla əks etdirirdi. Süleyman Dəmirəl həmişə Azərbaycanın yanında olub, Azəbaycana kömək edib.
Məsələn, bir dəfə prezidentin təyyarəsinin vurulacağı barədə onda olan məlumatı Əliyevə çatdırmış və bununla da onu ölümün cəngindən qurtarmışdı.
1995-ci ilin martında isə Türkiyə hökümətinin bəzi üzvlərinin də iştirak etdiyi Azərbaycanda dövlət çevrilişinə cəhd barədə xəbəri də Heydər Əliyevə Baba vermişdi. Biz həmişə təəccüblənərdik ki, xeyir ola balam Əliyev Dəmirəllə necə dil tapır… İndi-indi anlaşılır ki, onlar hələ köhnənin dostlarıymış.
Baba Əliyevlə birinci dəfə 70-ci ildə görüşüb. O zaman Dəmirəl baş nazir postunda Sovet İttifaqına gəlmişdi. Qayıdanbaş Heydər Əliyevlə görüşmüşdü. Dəmirəl Türkiyə tarixinin özündən sonra boşluq yarada bilən şəxsiyyətlərindəndir. Dəmirəlin müstəqil Azərbaycana ilk səfərini Vahid Mustafayev çəkmişdi. “Ümid körpüsü”ndə. Naxçıvanda. İş elə gətirdi ki, Süleyman Dəmirəl son müsahibəsini də jurnalist, rejissor, ANS-in rəhbəri Vahid Mustafayevə verdi. Vahid Mustafayev: - Yəqin ki, bu sizin üçün çox ciddi bir seçim idi. Siz bu seçimi etməklə Heydər Əliyevin xarakterinin xüsusiyyətlərin çox gözəl bilməliydiniz? Eləcə də onun xarakterindəki hansı xüsusiyətləri sizin daha çox xoşunuza gəlir. Bu barədə nə deyə bilərsiz?
Süleyman Dəmirəl: Heydər Əliyev fövqəladə zəki bir adam idi. Məcara axtaran bir adam deyildi - hə-hə, yox - yox. Görəməyəcəyi bir iş yox. Zehnində tərəddüd yox idi. Düşünüb daşınaraq tez bir zamanda qərar verir. Verdiyi hər bir qərar doğru olurdu. Yəni tam olaraq bu işin adamı idi. Bir mətanət sahibi idi. Baş verə biləcək hər hansı bir hadisə qarşısında panikaya düşmürdü. Soyuqqanlı idi, onun o an nə düşündüyünü anlamaq çox cətindir. Bizim onunla şəxsi dosluğumuz vardı. Bu isə ayrı mövzudur.
Mənbə: ANS PRESS