Qadin.NET / İtirdiyimiz torpaqlar geri qayıdacaq

İtirdiyimiz torpaqlar geri qayıdacaq

 

Yaxın illərdə Azərbaycanda pambıq istehsalı ildə 700 min tona qədər qalxa bilər. Bu, hazırda istehsal edilən pambıqdan təxminən 20 dəfə çox məhsul deməkdir. İlkin hesablamalara görə, 0,7 milyon ton pambıq istehsalı Azərbaycanda 100 minə yaxın kəndli ailəsinin sabit gəlir mənbəyi tapmasına səbəb ola bilər. Həmçinin, bu, əyalət şəhərlərində pambıq emalı üzrə 14 minə yaxın yeni iş yerinin açılmasına yol aça bilər. 
ANS PRESS-in məlumatına görə, bu, Kənd Təsərrüfatı Nazirliyi (KTN) bölgələrin kənd təsərrüfatı məhsullarının istehsalına görə ixtisaslaşması prosesi başa çatdıqdan sonra baş tuta biləcək. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən də dəstəklənən layihə çərçivəsində hazırda alimlər hansı məhsulun hansı zonada yetişdirilməsinin daha münasib olduğunu öyrənirlər. 
KTN-dən ANS PRESS-ə verilən məlumata görə, bu çərçivədə həm ərazilərin təbii imkanları öyrənilir, həm də fermerlərlə söhbətlər aparılır. “İlin sonuna kimi monitorinq başa çatacaq və bundan sonra hansı regionda hansı məhsulu əkməyin daha rentabelli olması barədə fikir söyləmək mümkün olacaq”, - deyə KTN şöbə müdiri Firdovsi Fikrətzadə ANS PRESS-ə bildirib. Kənd təsərrüfatı naziri Heydər Əsədov isə ölkə mətbuatına verdiyi açıqlamasında hansı addımların atılacağını daha dəqiq bildirib: “Monitorinq başa çatdıqdan sonra ən yaxşı hansı məhsuldursa, onun istehsalını həvəsləndirmək, həm də dövlət təşviqi yolu ilə, ola bilsin subsidiyaların artırılması, differensiallaşması yolu ilə həmin sahənin inkişafına dəstək verəcəyik”.
Aqrar islahatlar üzrə ekspert Vahid Məhərrəmov isə ANS PRESS-in əməkdaşı ilə söhbətində Mərkəzi Aran bölgəsində şoranlaşaraq təsərrüfat əhəmiyyətini itirmiş 400 min hektar ərazinin probleminə toxunub. Məsələ bundadır ki, bir vaxt mövcud olmuş Dövlət Torpaq Komitəsinin təxminən 10 il əvvəl apardığı araşdırma əsasında müəyyən edilmişdi ki, qrunt sularının səviyyəsinin qalxması və drenaj şəbəkəsinin dağılması nəticəsində Mərkəzi Aran bölgəsində 400 min hektara yaxın torpaq şoranlaşıb və kənd təsərrüfatı üzrə əhəmiyyətini itirib. 
Əhali həmin torpaqlardan demək olar ki, istifadə etmir. “İstifadə edənlər də taxıl əkir. Orada da ki, məhsuldarlıq çox aşağıdır, hektardan 1 tondan artıq götürmək olmur, həm də keyfiyyətsiz taxıl əldə edilir. Bu həm də digər regionların - ənənəvi taxılçılıq regionlarının işinə problem yaradır. Həm də ölkədə yetirəncə taxıl istehsal olunsa da, ona tələbat yoxdur və çörəkbişirmədə istifadə edilə bilmir. Bununla da qeyri-səmərəli biznesə subsidiya ayırırıq”,- deyə Vahid Məhərrəmov vurğulayır. 
Aqrar ekspert Mərkəzi Aran rayonlarında şoranlaşmış 400 min hektar ərazini dərhal dövriyyəyə qaytarmağı mümkün sayır: “Həmin ərazilərdə iki il davamlı çəltik istehsal etmək lazımdır. Bu həm gəlir əldə etməyə, həm də şoran torpaqları münbitləşdirməyə imkan yaradır. Sonrakı illərdə növbəli əkinə keçmək olar. Həmin sahələrdə bir neçə il pambıq əkmək, sonrakı bir neçə il ərzində yem bitkiləri yetişdirmək lazımdır”. 
Vahid Məhərrəmovun təklif etdiyi növbəli sxem əsasında Mərkəzi Aranda hər il 120-130 min hektar sahədə pambıq əkmək mümkündür: “İndi geni modifikasiya edilmiş elə pambıq sortları var ki, hektardan 6 ton pambıq götürməyə imkan verər. İsraildə, Amerikada bu, çoxdan tətbiq edilir. Əynimizdə geydiyimiz cinslər hamısı GMO pambıqdan hazırlanır. Bununla biz ildə 700 min tona yaxın pambıq yığa bilərik. Heç emal etmədən mahlıc kimi satsaq, ildə 1 milyard dollara yaxın pul götürmək olar”. 
Pambığın əməktutumlu sahə olduğunu vurğulayan ekspert 4 hektar sahədə pambıq əkmiş bir ailənin ildə 24 ton məhsul əldə edəcəyini deyir: “Əgər məhsulu keçən ilki qiymət 45 qəpikdən təhvil verərsə, bir ailə 11 min manata yaxın pul əldə edər. Bu, kənd yeri üçün çox böyük gəlirdir. Bu qədər pul qazanan kəndli heç zaman evini-eşiyini qoyub Rusiya bazarlarına üz tutmaz. Hazırda isə Mərkəzi Aran kəndlərinin kişilərinin çoxu əmək miqrantı kimi Rusiyada çalışır”,- deyə Vahid Məhərrəmov vurğulayır. 

 

 

 

Mənbə: ANS PRESS

20 iyun 2015
GO BACK