"Azərbaycanda Kür çayının səviyyəsi ötən gün 41 santimetr qalxıb".
Milli.Az xəbər verir ki, bunu Azvision.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Tiflisdə baş verən daşqın hadisəsi ilə bağlı danışarkən deyib. O, bildirib ki, ötən gün Kür çayının Azərbaycan hissəsində, Dağkəsəmən məntəqəsində 41 santimetr artım olub. Baş hidroloq qeyd edib ki, bu gün səhər saatlarında isə çayın səviyyəsi 41 santimetr azalıb: "Yəni atım oldu və keçdi. Həmin vaxt heç bir kənddə təhlükə yaşanmayıb. Hazırda Kürdə suyun səviyyəsi aşağıdır. Odur ki, onun səviyyəsinin qalxması heç bir təhlükə yaratmır. Ötən illərə nisbətən Kürün səviyyəsi aşağı olduğundan belə bir təhlükə yoxdur". Kürün səviyyəsinin qalxma ehtimalının olduğunu deyən baş hidroloqun sözlərinə görə, çay 1 metr qalxsa da daşqın olmayacaq. Qeyd edək ki, Gürcüstanda güclü qasırğa fırtına birgə daşqına səbəb olub. Paytaxt Tiflisin bir çok küçə və meydanları suya qərq olub. Daşqın yaşayış evlərinin zirzəmisini və birinci mərtəbələrini tutub.
Mənbə: Milli.Az