Bu gün Bakıda Avropa qitə tarixinin ən böyük idman hadisəsi başlayır. 12 iyun-28 iyun tarixlərində keçiriləcək "Bakı 2015" I Avropa Oyunlarında 6000-dən çox idmançı 20 idman növü üzrə medallar uğrunda mübarizə aparacaq.
Oyunlar 16 idman obyektində keçiriləcək. 17 gün ərzində yarışları 600 minə yaxın tamaşaçının izləyəcəyi gözlənilir. Təkcə Avropanın deyil, bütün dünyanın maraqla gözlədiyi Avropa Oyunları dünyanın 5 qitəsində yayımlanacaq.“Bakı 2015” I Avropa Oyunlarında ev sahibi Azərbaycanı 289 idmançı təmsil edəcək.
ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elşad Novruzov ilk Avropa Oyunlarının ölkəmizdə keçirildiyini yüksək qiymətləndirir. Onun sözlərinə görə, "Bakı 2015" I Avropa Oyunlarında ATU-dan ümumilikdə 1000-ə yaxın tələbə könüllü olaraq iştirak edəcək.
"Bunlardan 400 nəfəri 3 ay ərzində Universitetin Tədris-cərrahiyyə klinikasında təlimlər keçiblər. Onlar "Bakı 2015" I Avropa Oyunlarında həkim yardımçısı qismində iştirak edəcəklər. Geridə qalan tələbələrimiz isə digər sahələr üzrə çalışacaqlar. Onlarla mütəmadi olaraq əlaqədəyik. Baxmayaraq ki, dərslər bitib, bu tələbələrin bəzilərinin universitet yataqxanasında qalmalarına şərait yaradırıq", - deyə Elşad Novruzov qeyd edib.
"Bizim "Bakı 2015" I Avropa Oyunları Təşkilat Komitəsi ilə əməkdaşlığım 2 il bundan öncə başlamışdı. 2014-cü ilin may ayında hörmətli nazirimizin təşəbbüsü ilə ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin ictimai-səhiyyə meneceri vəzifəsinə mənim namizədliyimi təklif etdilər və işə başladım. Əsas işimiz bütün Avropa Oyunlarında iştirak edən komandaların tibbi və antidopinq təminatını, müxtəlif yoluxucu xəstəliklərə yoluxma (zəhərlənmələr) və s. kimi məsələləri yoxlamaqdır. Eyni zamanda, Bakıya gələn çoxsaylı idmançılar, qonaqlar, media, jurnalistlər, həmçinin, adi turistlərin oyunlar zamanı həm profilaktik, həm də müalicəsinin yüksək səviyyədə təşkil edilməsidir. Bunun üçün hər bir idman obyektində xüsusi tibb komandamız var. Orada həm həkimlər, həm rezidentlər, həm də tələbələr çox aktiv iştirak edirlər. Eyni zamanda, qonaqlar qalan məkanlarda xüsusi tibbi komandamız, poliklinikamız fəaliyyət göstərir. Orada da həkimlər, rezidentlər və tələbələr çox aktiv çalışırlar. Eyni zamanda, Atletlər kəndində poliklinikamız var. Orada nəinki xəstənin ilkin müayinəsini aparmaq mümkündür, həm də böyük İdman təbabəti şöbəsi yaradılıb ki, burada da ailə həkimləri, reanimatoloqlar, oftolmoloqlar və diş həkimlərinin kabinetləri var. Burada fəaliyyət göstərən "Aptek"dən həm idmançılar, həm də jurnalistlər dərmanları pulsuz əldə edə bilərlər", - deyə ATU-nun Xarici Tələbələrlə iş üzrə dekanı, "Bakı 2015" ilk Avropa Oyunlarının ictimai-səhiyyə meneceri İsmayıl Əfəndiyev vurğulayıb.
Mənbə: ANS PRESS