Azərbaycanda yeni doğulan qız uşaqlarının sayında azalma müşahidə edilir. ANS TV-nin məlumatına görə, statistika üzrə ötən il doğulan uşaqların 53,6 faizi oğlan 46,4 faizi qız olub.Bu statistikanın yaranmasına əsas səbəb kimi uşağın cinsiyyəti bəlli olandan sonra selektiv abortlar, yəni dölün cinsinə görə hamiləliyin süni şəkildə pozulması göstərilir. “Reproduktiv sağlamlığın qorunması haqqında” qanuna əlavə edilən müddəa ciddi göstəriş olmadığı halda, ultrasəs müayinəsi aparılmasını qadağa edir. Amma bir sıra klinikalar bu qadağaya məhəl qoymur.
Sosioloq Rəşad Əsgərovun fikrincə, doğulan uşaqlar arasında gender disbalansının yaranması ciddi demoqrafik problemə gətirib çıxara bilər. Bu uşaqlar yetkinlik yaşına çatanda qızlarla oğlanlar arasında saylar uyğun gəlməyəcək. Bu zaman demoqrafik partlayış ola bilər.
Rəşad Əsgərov onu da əlavə etdi ki, evlənmək yaşına çatan oğlanlar ailə qurmaq üçün azərbaycanlı tapmayanda əcnəbi qızlarla izdivac edəcəklər. Nəticədə azərbaycanlı oğlanlar, Rusiya, İran, Türkiyə və Avropa ölkələrində olan qızlarla beynəlxalq nigaha daxil olmalı olacaqlar. Bu isə Azərbaycan xalqının genofondunun dəyişilməsi və adət-ənənənin deqrodasiyaya uğraması deməkdir.
Görünən odur ki, bu vəziyyətin qarşısı təcili alınmasa, gələcəkdə cəmiyyətdə yarancaq problemləri həll etmək mümkün olmayacaq. Bir şeyi də unutmayın ki, hər bir körpə öz ruzusunu gətirir. Fərq etməz oğlan və ya qız.
Mənbə: ANS PRESS