FİFA prezidenti postuna növbədənkənar seçkilər bu ilin dekabr ayında baş tuta bilər. ANS PRESS-in BBC-yə istinadla verdiyi məlumata görə, seçki dekabrın 16-da Sürixdə olacaq.
FİFA prezidentinin seçimi üzrə xüsusi komissiyanın sədri Domeniko Skalanın sözlərinə görə, növbədənkənar konqres 2015-ci ilin dekabr - 2016-cı ilin mart ayları arasında keçiriləcək.
Seçki barədə son qərar iyul ayına kimi veriləcək.
Bu postu 1998-ci ildən Jozef Blatter tutub. May ayının 29-da o yenidən bu posta seçilib. Lakin haqqında yayılan rüşvət qalmaqalına görə, 79 yaşlı Blatter istefa verməli olub.
Qeyd edək ki, FİFA rəhbərliyində rüşvət qalmaqalı böyük rezonansa səbəb olub. Bu iddia ilə bağlı bir neçə insan həbs edilib. Saxlanılanlara qarşı çirkli ulları yumaq, dələduzluq, reket iddiaları ilə ittihamlar irəli sürülüb.
Mənbə: ANS PRESS