Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyunun 6-da keçirdiyi buraxılış imtahanının nəticələrinin statistik göstəricilərini açıqlayıb.
TQDK-dan verilən məlumata görə, IX sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub.
İmtahanda iştirakı nəzərdə tutulan 29382 şagirddən 410 nəfəri imtahana gəlməyib, 2 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub.
İştirakçılardan 50 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.
XI sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilmişdir.
İmtahanda iştirakı nəzərdə tutulan 24774 şagirddən 364 nəfəri imtahana gəlməyib, 17 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub.
İştirakçılardan 37 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.
Qeyd edək ki, imtahanlar Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuzda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.
Mənbə:ANS PRESS