Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 6-da növbəti SAT (Scholastic Aptitude Test) imtahanını keçirəcək.
ANS PRESS-in TQDK-ya istinadla verdiyi məlumata görə, imtahan iyun ayının 6-da saat 08.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A (xəritəyə keçid) ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələrsiz). İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar və imtahana gecikən şəxslər imtahan zalına buraxılmayacaqlar.
Bu imtahanının nəticələri iyun ayının 25-i imtahan verənlərin “College Board”-un internet səhifəsindəki şəxsi hesabında açıqlanmış olacaq.
İyun ayının 6-dan sonra, TQDK tərəfindən keçiriləcək növbəti SAT imtahanlarına qeydiyyat iyun ayının 12-dən başlanacaq və onlayn qaydada qeydiyyatdan keçmək üçün ətraflı məlumat bu linkdə verilib: http://tqdk.gov.az/en/international-partnerships/sat/
Qeyd edək ki, SAT (Scholastic Aptitude Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış test imtahanıdır və hər il imtahana iki milyondan artıq məktəb məzunu daxil olur. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. Ali təhsil ocaqlarının qəbul komissiyaları üçün SAT imtahanının nəticəsi müraciət edən məktəb məzunlarını eyni şkalada müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə obyektiv mənbə hesab olunur.
Mənbə: ANS PRESS