Ötən illə müqayisədə bu il Azərbaycanda ilan və həşərat sancma hallarının sayı azalıb. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudovun ANS PRESS-ə verdiyi məlumata görə, bu il həşərat sancma halları ilə bağlı müraciətlər may ayından daxil olub.
“Bu il may ayından indiyədək Azərbaycanda 14 nəfəri ilan sancıb. İlan vuranlardan 2 nəfəri uşaqdır. Bundan başqa, 4 nəfəri əqrəb, 1 nəfəri isə qaraqurd sancıb. Şükürlər olsun ki, müraciət edənlər arasında ölüm halları qeydə alınmayıb”, - deyə Azər Maqsudov bildirib.
Həkim bildirib ki, ötən il ilan və həşərat sancma ilə bağlı müraciətlər aprel ayından başlamışdı. Müraciətlərin sayı da bu ilkinə nisbətən çox olub. Hadisələr əsasən Hacıqabul, Bərdə, Yevlax, Qəbələ, Samux ərazilərində qeydə alınıb. Bakı ətrafı ərazilərdə də belə hallar baş verir. Əsasən daş karxanaları ərazilərində həşərat sancma halları olur.
Azər Maqsudov ilan və həşərat sancma zamanı ilkin olaraq xəsarət alan adamın hərkətsiz uzadılmalı olduğunu bildirib: “İlan və həşərat sancan adamı heç vaxt tərpətməz olmaz. Yara spirtlə təmizlənməli və yod vurulmalıdır. Ona çay vermək lazımdır. Qatıq, sarımsaq vermək, yaranı sovurmaq, yandırmaq və s. kimi türkəçarə etmək məsləhət görülmür. Xəstəni təcili olaraq həkimə çatdırmaq lazımdır”, - deyə Azər Maqsudov bildirib.
Qeyd edək ki, havalar isindikdən sonra Bakıda 2 günvurma hadisəsi baş verib.
Mənbə: ANS PRESS