"Azərbaycanın həm zəngin neft-qaz resursları, həm cəsarətli siyasəti və düşünülmüş addımları Avropanın enerji xəritəsini yenidən tərtib edir. Bu, reallıqdır və bizim rolumuz getdikcə artacaq. Bu, ölkəmizi daha da gücləndirəcək. Bu, ölkəmizə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək və nəticə etibarilə Azərbaycan xalqının daha da yaxşı yaşamasını təmin edəcək".
ANS PRESS-in məlumatına görə, bu sözləri prezident İlham Əliyev XXII Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisinin açılış mərasimindəki çıxışında bildirib.
Prezident bildirib ki, Azərbaycanda həyata keçirilən islahatlar dünyanın aparıcı beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir: "Bütün iqtisadi göstəricilərimiz ən yüksək səviyyədədir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyətliliyi üzrə 38-ci yerdədir. Xarici borc cəmi 10 faiz, işsizlik 5 faiz səviyyəsindədir. Valyuta ehtiyatları ümumi daxili məhsulumuzun 75 faizini, bəlkə də ondan da çox hissəsini təşkil edir. Neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Azərbaycan iqtisadi inkişafını təmin edir. Bu ilin 4 ayında iqtisadiyyat 5,3 faiz artmışdır. Qeyri-neft sektorumuz isə təxminən 7 faiz artmışdır".
İlham Əliyev çıxışında Bakıda keçiriləcək Avropa Oyunlarından danışaraq qeyd edib ki, qısa bir vaxt çərçivəsində Azərbaycan Olimpiya Oyunları səviyyəsində keçiriləcək turnir keçirməyə hazır olduğunu göstərib:
"On gündən sonra tarixdə ilk dəfə olaraq məhz Azərbaycanda, Bakıda birinci Avropa Oyunları keçiriləcəkdir. Bu, tarixi hadisədir və cəmi 2 il ərzində biz bu Oyunlara hazırlıq işləri gördük. Qısa bir vaxt çərçivəsində biz Olimpiya Oyunları səviyyəsində keçiriləcək Oyunları təşkil etdik. Bu, ölkəmizin gücünü, güclü siyasi iradəmizi göstərir. Onu göstərir ki, baxmayaraq, biz müstəqil ölkə kimi gəncik, amma artıq dünya xəritəsində öz yerimizi tuta bilmişik və bu yer möhkəm yerdir".
Mənbə: ANS PRESS