Qadin.NET / Başqa ölkələrdəki Avropa Oyunlarının məşəlləri Bakıda yandırılacaq

Başqa ölkələrdəki Avropa Oyunlarının məşəlləri Bakıda yandırılacaq

Birinci Avropa Oyunları başlamamış ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən daha bir tarixi qərar qəbul olunub. Belə ki, bundan sonra köhnə qitənin digər ölkələrində təşkil ediləcək Avropa Oyunlarının məşəlləri məhz tarixi məkanımız olan Atəşgah məbədində alovlandırılacaq.
Əgər Yunanıstanda məşəllər süni linza ilə yandırılırdısa, birinci Avropa Oyunlarının məşəlinin aprelin 26-da Atəşgah məbədi Dövlət Tarix-Memarlıq Qoruğunda təbii odla alovlandırılması demək olar ki, bütün dünyanın marağına səbəb oldu. Məhz elə bu tarixi hadisə növbəti Avropa Oyunları üçün əsas nümunə götürülərək ölkəmiz adına daha bir vacib qərarın qəbul edilməsi ilə nəticələnib.
Sebastian Berqnenin Azərbaycanın ənənəvi metal işləmələrindən ilham alaraq hazırladığı dizayn əsasında yaradılan “Bakı-2015”in məşəlinin hündürlüyü 660 millimetrdir. Məşəlin gövdəsi yarışın brendindəki nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və məşəl Bakıya gətirilənədək təxminən 5 min 500 kilometr məsafə qət edəcək. İlk Avropa Oyunlarının məşəli isə iyunun 12-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq açılış mərasimində alovlandırılacaq.
Birinci Avropa Oyunlarına ev sahibliyi etməklə bütün diqqətləri üzərinə cəlb edən Azərbaycan gələcək yarışlarda məşəli ilə də hər zaman xatırlanacaq. “Odlar Yurd”u Azərbaycanın bu alovunun qığılcımları isə növbəti Avropa Oyunlarını işıqlandıracaq.

 

Mənbə: ANS PRESS

2 iyun 2015
GO BACK